25 fevral 2024 01:01
420

Azərbaycan-Çin münasibətləri illərin sınağından keçib və möhkəm təməl üzərində qurulub

Azərbaycan və Çin xalqları qədim İpək Yolu vasitəsilə sıx əlaqələrə malik olublar. Qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətləri illərin sınağından keçib və möhkəm təməl üzərində qurulub.

“İki sahil” xəbər verir ki, bu fikirlər ölkəmizin Çindəki səfiri Bünyad Hüseynovun “İrs” jurnalının Çin dilindəki növbəti nəşrində yer alan “İllərin sınağından keçmiş dostluq” adlı məqaləsindədir.

Səfir Azərbaycan ilə Çin arasında bütün məsələlər üzrə qarşılıqlı anlaşma və dialoqun mövcud olduğunu, ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirildiyini vurğulayıb. Azərbaycan “Vahid Çin” siyasətinə bütün platformalarda dəstəyini bildirib, Çin isə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə daim dəstək nümayiş etdirib.

Dövlət başçıları İlham Əliyevin və Si Cinpinin səyləri nəticəsində iki ölkə arasında münasibətlərin dinamik və hərtərəfli inkişaf dövrünü yaşadığını qeyd edən B.Hüseynov əlavə edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd şəhərində keçirilən Sammiti çərçivəsindəki görüş zamanı dövlət başçıları iqtisadi əməkdaşlığın diversifikasiyası və onun keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsinə dair tapşırıq veriblər. Hazırda iqtisadiyyatın müxtəlif sahələri, energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və qarşılıqlı fəaliyyətin digər istiqamətləri üzrə əməkdaşlıq spektrinin genişləndirilməsi imkanları nəzərdən keçirilir.

Məqalədə Azərbaycanın Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşı olduğu, ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunduğu, müxtəlif sahələri təmsil edən qurumların rəhbərlərinin qarşılıqlı səfərlərinin əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərdiyi diqqətə çatdırılıb. Həmin səfərlər zamanı ölkələrimiz arasında iqtisadi-ticari, enerji, o cümlədən “yaşıl enerji”, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Diplomat Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələrinin “Kəmər və yol təşəbbüsü”nün reallaşmasına öz əhəmiyyətli töhfəsini verdiyini, “Orta dəhliz”in Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün təhlükəsiz və əlverişli alternativ marşruta çevrildiyini, “Zəngəzur dəhlizi” təşəbbüsünün reallaşmasının “Kəmər və yol” təşəbbüsünə Azərbaycanın növbəti töhfəsi olacağını vurğulayıb.

“İrs” jurnalının Çin dilindəki növbəti buraxılışı jurnalın baş redaktoru Musa Mərcanlının giriş sözü başlayır. Fəlsəfə doktoru Əminə Məlikovanın 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzə həsr olunan məqaləsində dünyanın tanınmış memarlıq inciləri sırasına daxil olmuş Heydər Əliyev Mərkəzinin layihələndirilməsi, onun tikintisi və çoxfunksiyalı fəaliyyəti haqqında geniş məlumat verilir, maraqlı illüstrasiyalarla oxucular tanış edilir.

Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdinin məqaləsində böyük sənətkarımız Rəşid Behbudovun Çinə səfəri və xalqlarımız arasında dostluğun dərinləşməsinə töhfələrindən bəhs olunur.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun məqaləsində işğaldan azad olunmuş ərazilərdə mina problemindən və bu problemin həmin torpaqların bərpası və vətəndaşların qayıtması üçün törətdiyi çətinliklərdən söhbət açılır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun Qərbi Azərbaycandan, xüsusən İrəvandan köklü sakinlərin-azərbaycanlıların deportasiyası, erməni dövləti və millətçilərinin yüz minlərlə soydaşımızın başına açdıqları zülmlər, vəhşiliklər haqqında foto-faktlar və sübutlarla xarici oxuculara geniş məlumat təqdim edilir.

Fotoqraf Səbinə Tumanskayanın Azərbaycanın möhtəşəm təbiət abidələri - Göygöl, Maralgöl, Kəpəz dağı haqqında fotoreportaj maraq doğurur.

Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun müəllimi Şen Yaçinin ölkəmiz və paytaxt Bakı haqqında təəssüratları da “İrs” jurnalının Çin dilindəki növbəti buraxılışda yer alan məqalələrdəndir.