26 fevral 2024 02:20
462

Ermənistan Rusiyanı niyə qınayır?

Ermənistanın Rusiyadakı keçmiş səfiri Stepan Qriqoryan yenə sərsəmləyib. Belə ki, o,  “Novaya qazeta”ya verdiyi müsahibəsində Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından  (KTMT) çıxmaq istəyini Azərbaycanla əlaqələndirməyə çalışıb: “Ermənistanın KTMT-dən çıxa biləcəyi ilə bağlı söhbətlər ən azı il yarımdır ki, gedir. Məncə, bütün bu müddət ərzində Nikol Paşinyan Rusiyanın  öz davranış xəttini dəyişəcəyini gözləyirdi. Problem ondadır ki, 2020-ci ildə və ondan sonra Azərbaycan ərazimizə hücum edəndə KTMT Ermənistana kömək etməyib”. Sabiq səfir utanıb-qızarmadan guya Azərbaycan ordusunun Ermənistan ərazisinə 6-7 kilometr irəliləməsini də bildirib. Amma o dediklərini heç bir faktla əsaslandırmayıb. 

Əvvəla, qeyd edək ki, Ermənistan KTMT-dəki müttəfiqlərini o halda kollektiv müdafiəyə dəvət edə bilərdi ki, Azərbaycan onun ərazilərini işğal etməyə çalışsın. Halbuki, 44 günlük müharibədə Azərbaycan Ordusu buna əsla cəhd belə etmədi. Bu mənada sabiq səfir guya Azərbaycan ordusunun Ermənistan ərazisinə 6-7 kilometr irəliləməsi onun uydurmasından, sərsəmləməsindən başqa bir şey deyil. Azərbaycan sadəcə, BMT-nin sənədlərinə əsasən 30 ildən çox erməni vandallarının işğalı altında olan öz ərazilərini azad etdi. Hərbi əməliyyatlar da Azərbaycan ərazisində aparıldı. Elə bu səbəbdən də Vətən müharibəsi zamanı və sonra rəsmi İrəvan KTMT-ə dəfələrlə müraciət etməsinə baxmayaraq, onların heç biri müzakirəyə belə çıxarmadı. Şübhəsiz, KTMT-nin bu mövqeyi Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi idi. Çünki məhz dövlət başçımızın dünyanın əksər dövlətlərini, o cümlədən KTMT-ni mövcud həqiqətlər haqqında məlumatlandıra, onların proseslərə neytral münasibətini təmin edə bilmişdi. 

Bununla da Nikol Paşinyanın bu qurumu Azərbaycanla münaqişəyə çəkmək istəyi puç oldu. Məhz bundan sonra rəsmi İrəvan bu məsələdə Rusiyanı günahlandıraraq anti-KTMT və anti-Rusiya ovqatını “işə saldı”. Bu gün isə bu məsələ artıq pik həddinə çatıb. Proseslərin məlum gedişatı da göstərir ki, yaxın gələcəkdə təcavüzkar ölkə ilə KTMT-nin yollarının tamamilə ayrılacağı istisna deyil: “Amma mütləq gündəmdə olan rus sərhədçilərinin Nərkin Xan kəndindən və Zvartnots hava limanından çıxarılmasıdır. Məndə olan məlumata görə, bu, yaxın aylarda baş verməlidir”. Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində demişdir ki,  Ermənistan KTMT-də  iştirakını dondurub. O bunun səbəbini sözügedən təşkilatla bağlanmış sazişin Ermənistana nəticə verməməsindər irəli gəldiyini bildirmişdir. 

Sabiq səfirin sözlərinə görə, bunun əvəzində isə Almaniya, Kanada, ABŞ, Yunanıstan, İsveç və Norveç Ermənistanla hərbi müqavilə imzalamağa “1 nömrəli hazır” dövlətlərdir. Bu da Ermənistanla aparıcı Qərb dövlətləri arasında xüsusi xidmət orqanları vasitəsilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirməsindən xəbər verir. Fransa de-fakto Cənubi Qafqaz regionundan zorla çıxarılmaqda olan Rusiyanı əvəz etməyə başlayıb. Təcavüzkarı silahlandırmaqda davam edən rəsmi Paris sözügedən ölkə üçün NATO standartlarına tam uyğun kompleks hava hücumundan müdafiə sistemi yaratmağı öhdəsinə götürüb. Şübhəsiz, bütün bunlar Ermənistanın hələ də Azərbaycanın döyüş meydanlarında əldə etdiyi uğurları həzm edə bilməməsindən irəli gəlir.

Sabiq səfir, həmçinin vurğulayıb ki, 2020-ci il müharibəsindən sonra Qarabağı Azərbaycan ərazisi kimi tanıyan ilk şəxs Vladimir Putin olub: “2020-ci il müharibəsindən sonra Qarabağı Azərbaycan ərazisi kimi tanıyan ilk şəxs Vladimir Putin olub.  Bu, 2020-ci ilin noyabrında, müharibədən dərhal sonra idi.  Üstəlik, Rusiya prezidentinin beynəlxalq hüquqa istinad etməsi də maraqlıdır. Amma buna qədər Rusiya 30 il Minsk  Qrupunda məhz Qarabağın statusu məsələsini həll etmək üçün çalışıb. 2020-ci ilin noyabrında isə Putin dedi ki, Qarabağ Azərbaycandır, dekabrda bunu təkrarladı.  Mən bunu istehzasız deyirəm; biz doğrudan da dərhal başa düşmədik, çünki Rusiyanın belə bir xəyanətinə inanmırdıq. İlyarımdan sonra Paşinyan bunu etiraf etməyə məcbur oldu. O, bunu Putindən sonra edib”. Halbuki, əzəli yurd yerimiz olan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan ilk şəxs elə Ermənistanın baş naziri Nikol Paşinyan olub: “Ermənistan Azərbaycan ərazisini 86,6 min kvadratkilometr olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir”. Məhz bundan sonra Putin də belə bir ifadə işlətdi. Bildirdi ki, ətraf rayonlar, habelə Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir: “Ermənistan rəhbərliyi açıq şəkildə bildirib ki, Azərbaycan SSR-in 1991-ci ilə qədərki ərazisini tanıyır və Qarabağın özünün də daxil olduğu rəqəmi açıqlayıb. Bu, bizim qərarımız deyil, Ermənistan rəhbərliyinin qərarıdır". Görəsən, səfir bu adi həqiqəti danmaqla nə demək istəyir? 

Səfirin müsahibəsini diqqətlə analiz edəndə açıq-aydın görünür ki, bu gün Ermənistan iki ölkə, yəni Rusiya ilə Azərbaycan arasında yaranmış sıx əməkdaşlıqdan çox narahatdır. Əgər olmasaydı, səfir belə çərənləməzdi.

Qvami Məhəbbətoğlu, “İki sahil”