Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Xocalı faciəsində, həmçinin torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olan Vətən oğullarının ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik.
Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Tarixi faktlar sübut edir ki, ermənilər havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımıdır. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırımı aktı törətdilər. Statistikaya diqqət yetirək. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Xocalı 32 ildir dünyadan faciəni törədənlərin layiqli cəzalandırılmasını gözləyir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın, Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir.
Yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu. Ümummilli Liderin sayəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində xeyli işlər görüldü. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Həmin tarixdən etibarən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi daha geniş miqyasda anılmağa başlandı. Son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev bu faciəni törədənlərin əsl niyyətlərini, təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş ağır cinayət aktının mahiyyətini açıq şəkildə ifadə edir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun gördüyü işlərin də miqyası genişdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın, vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə həyata keçirdikləri tədbirlər davamlılığı ilə diqqət çəkir. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Dövlət səviyyəsində görülən işlər nəticəsində Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizlə 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi, şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının intiqamı alındı, onların ruhları rahatlıq tapdı. Ermənilər İkinci Qarabağ müharibəsinin gedişi dövründə Xocalı faciəsinin davamı kimi dəyərləndirilən Gəncə, Bərdə, Tərtər soyqırımılarını törətdilər. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində nəinki bölgəni, dünyanı erməni faşizmindən xilas etdik.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Bu gün Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı dalğalanır. Xalqımız qürurludur. Bu sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadəti Azərbaycan Ordusuna minnətdarıq.
Xocalı soyqırımı qan yaddaşımız! Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. 44 günlük Vətən müharibəsində tarixi Qələbəmiz Azərbaycan xalqının nə qədər məğrur, yenilməz xalq olduğunu təsdiqlədi. Ən əsası sübut etdik ki, bir qarış torpağımızı belə düşmənə vermərik.
Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayır və yaşayacaq. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17.00-da ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insan “Ana harayı” abidəsi önündə anım mərasimində iştirak edir.
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri