26 fevral 2024 12:30
452

Bəşər tarixində vəhşilik aktı

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 32 il ötür.  Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi.  Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan  Bayrağını ucaltdı.

Qürurla qeyd etdiyimiz bu məqamların fonunda faciələrimizi də unutmamalı, daim tariximizin bu səhifələrini vərəqləməli, gənc nəslin tariximizin hər bir məqamı barədə dolğun məlumatlar əldə etmələrinə hər birimiz səylər göstərməliyik.  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.  Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.

    Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatıdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparıb və bu gün də davam etdirilir. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlandı.  1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi.

Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır.

Xocalı faciəsinin  dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, bu  soyqırım bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları  səviyyəsində tanınıb. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətləri böyükdür.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyasının əhatə dairəsi daha da genişlənir.  2008-ci ildən start verilən bu kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Artıq bütün dünyaya bəllidir ki, Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri bu qanlı cinayət təkcə Azərbaycan xalqına deyil, həm də bütün dünyaya, bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir.

Real faktlara, tarixi həqiqətlərə söykənən təbliğat daim zəfər çalır. Ermənilər saxta tarix yazıb özlərini “yazıq, məzlum, döyülən, əzilən millət” kimi təqdim etsələr də 44 günlük İkinci Qarabağ müharibəsi onların əsil simasını açıqladı. Azad olunan torpaqlarımızın hər biri erməni vəhşiliklərinin şahidləridir. Azərbaycan xalqının izlərini silmək üçün bütün torpaqlarımızı dağıdan, yerlə-yeksan edən ermənilərə bir daha sübut olundu ki, tarixi silmək, saxtalaşdırmaq mümkünsüzdür. Bu torpaqların sahibi Azərbaycan xalqıdır və daim burada olacaq.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi