26 fevral 2024 13:48
321

Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO

Sumqayıt şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, anım tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, Sumqayıtda yaşayan xocalılılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Xocalıda həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda məskunlaşan Xocalı sakinləri ilə görüşərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır soyqırım cinayətlərdən biri olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisasının alındığı, qanlarının yerdə qalmadığı bildirilib.