26 fevral 2024 14:49
965

Bəşəriyyətə qarşı törədilən cinayət

XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsindən bizləri 32 illik zaman ayırır. İllər keçdikcə faciənin başvermə səbəbləri, əsl mahiyyəti daha aydın şəkildə görünür, düzgün dəyərləndirilməsinə bir çağırış edilir. Azərbaycanlı əhalinin amansız soyqırımına dair çoxsaylı faktlar sübut edir ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin tələblərinin pozulmasıdır.

Xocalı soyqırımı ilə bağlı həqiqətlər beynəlxalq  ictimaiyyətə çatdırılmalı, insanlıq əleyhinə yönəldilmiş bu  ağır hərbi cinayət beynəlxalq səviyyədə  öz hüquqi-siyasi qiymətini almalıdır. Erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olan bu soyqırımı bəşər tarixində görünməmiş dəhşətləri ilə yadda qalan Xatın, Sonqmi, Ruanda kimi soyqırımlarla eyni sırada dayanır. Bir gecədə 613 nəfər dinc əhalinin, o cümlədən 63 uşaq, 106 qadının vəhşicəsinə öldürülməsi, 1257 Xocalı sakininin ermənilər tərəfindən əsir alınması, təhqirlərə, əzab-əziyyətlərə məruz qalmasına bu günədək dünyanın göz yumması birmənalı qarşılana bilməz.  Ermənilərin illərdir “böyük Ermənistan” sevdasından qaynaqlanan ssenarilərinə uyğun olaraq 1988-ci ildə yenidən baş qaldıran torpaq iddiası nəticəsində Qarabağ münaqişəsi yarandı.  Dünyanın əksər  aparıcı dövlətləri 30 ilə yaxın müddətdə işğalcı dövlətə dəstəkləri ilə ona yeni ərazilər uğrunda müharibə planları hazırlamağa  vaxt qazanmasına yardımşı oldular. Danışıqların imitasiya naminə aparıldığını  pərdələməyə çalışsalar da həqiqəti gizlətməyin mümkünsüzlüyünü  44 günlük İkinci Qarabağ müharibəsinin gedişində gördülər. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə 30 ilin işğalına son qoydu, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra etdi və dünyaya sübut olundu ki, ədalət və beynəlxalq hüquq məfhumları mövcuddur. Onların tətbiqi üçün vahid mexanizm olmalı, dünya ikili standartlara əsaslanan siyasətə son qoymalıdır. Reallıq budur ki, dünya hüquq problemini yaşayır. Tarixi Zəfərimiz yeni reallıqlar yaratdı. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər yeni reallıqlarla barışmaq məcburiyyətində qaldılar. Artıq diktə edən Azərbaycandir. Azərbaycanın sözünün imzası qədər dəyərli olması göz önündədir. Bu, dövlətimizin siyasətində ədalətin və beynəlxalq hüququn öndə dayanmasından irəli gəlir. Azərbaycan hər zaman dünyaya sülh, əmin-amanlıq, təhlükəsizlik mesajlarını ünvanlayır və bunu əməli fəaliyyəti ilə təsdiqləyir.

XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsinə hüquqi-siyasi qiyməti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev verib. Hazırda bu siyasət  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xocalı faciəsinin ildönümlərində Azadlıq meydanından Xocalı abidəsinə qədər yüz minlərlə insanın iştirakı əsasında yürüşün təşkil olunması faciəmizin unudulmadığını, daim xalqımızın yaddaşında olduğunu təsdiqləyir. Faciələrimizi unutmamalı, daim indiki və gələcək nəsillərə çatdırılmalıdır. Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birgə fəaliyyətləri nəticəsində bu istiqamətdə mühüm işlər  görülüb və görülməkdə davam edir.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildə irəli sürdüyü “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.  

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlətindən biri kimi müəyyənləşdirilib. “Xocalıya ədalət!” kampaniyasının məqsədi Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər.  Azərbaycan necə ki  44 günlük  İkinci Qarabağ müharibəsində, lokal antiterror tədbirlərində  dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Oİrdumuzun gücü, qüdrəti, xalqımızın birliyi  sayəsində  təkbaşına 30 ilə yaxın dövrdə kağız üzərində saralmış qərar və qətnamələri icra edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi, eləcə də real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasəti nəticəsində   Xocalı soyqırımını  törədənlərin  beynəlxalq məhkəmə qarşısında cavab verəcəyinə və   layiqli cəzalarını alacaqlarına nail olacaq.

Abil Ağasəfov,
​YAP Qəbələ rayon təşkilatının sədri