Fevralın 26-da saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Laçın rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İki sahil” xəbər verir ki, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumat görə, şəhərin küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, kənd və qəsəbələrdə Azərbaycanın Dövlət bayraqları endirilib.
Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbirində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri, Şərqi Zəngəzur 2 saylı Bərpa, Tikinti-İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin rəhbərliyi, Laçın şəhər 2 nömrəli tam orta məktəbin, eləcə də şəhid Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbin kollektivi, yerli sakinlər, hərbiçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Anım tədbirində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev çıxış edib. Bildirib ki, xalqımız tarixən bir çox soyqırımına məruz qalıb, bunlardan biri də Xocalı soyqırımıdır: “32 il əvvəl ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər heç vaxt unudulmayacaq. Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, dünya tarixinə də ən faciəli səhifələrdən biri kimi daxil olub. Amma ermənilərin törətdiyi vəhşiliklər xalqımızın mübarizə əzmini qıra bilməyib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində şanlı Zəfər qazanmaqla Xocalı soyqırımı qurbanlarının qisasını alıb”.
Tədbirin rəsmi hissəsindən sonra “Lacinema” kino mərkəzində “Yarımçıq xatirələr” adlı film nümayiş etdirilib.