27 fevral 2024 08:15
704

Kubada Xocalı soyqırımının 32-ci ildönümü anılıb

Azərbaycanın Kubadakı səfirliyində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Səfirlikdən “İki sahil”ə bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Ruslan Rzayev çıxış edərək 20-ci əsrin əvvəllərində müstəqilliyinin ilk illərində Azərbaycanın müxtəlif faciələrlə üzləşdiyini, Ermənistan tərəfindən ölkəmizə qarşı etnik təmizləmə siyasəti aparıldığını, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda misli görülməmiş qətliam törətdiyini söyləyib.

Tarixən bu torpaqlarda yaşamış mülki azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğın, soyqırımı və etnik təmizləmə siyasətinin təkcə Xocalının deyil, Qarabağın bütün əhalisinin fundamental hüquqlarını pozduğunu vurğulayıb.

Xocalı soyqırımı zamanı aralarında uşaqlar, qadın və yaşlılar olmaqla 613 günahsız mülki şəxsin bir gecədə Ermənistan hərbçiləri tərəfindən qətlə yetirildiyini bildirən R.Rzayev bu hadisəni bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri adlandırıb. Xocalı soyqırımı və Azərbaycana qarşı digər cinayətlərlə Ermənistan tərəfindən insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulduğu faktı diqqətə çatdırılıb.

R.Rzayev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını vurğulayıb.

Təxminən 30 illik işğalın sona çatdığını, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və öz əraziləri üzərində suverenliyini tam bərpa etdiyini söyləyən R.Rzayev, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, Xocalı sakinlərinin, eləcə də Ermənistan işğalından azad olunmuş digər rayon sakinlərinin tezliklə öz evlərinə geri dönə biləcəklərini bildirib.

Daha sonra tədbirdə Azərbaycanda təhsil almış kubalı professor Rafael Tenreyro çıxış edərək mehriban və qonaqpərvər Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. O, Xocalıda mülkü əhaliyə qarşı törədilmiş amansız qətliamın Azərbaycanda təhsil alan kubalıları dərindən sarsıtdığını söyləyib. Professor Xocalı soyqırımı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşərək Azərbaycanın bu gün tarixi ədaləti bərpa etdiyini, torpaqlarını işğalçılardan təmizlədiyini və Qarabağın dirçəldilməsi istiqamətində əməli işlər gördüyünü vurğulayıb.

Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımına həsr olunmuş video nümayiş olunub.