“Fevralın 21-də Parisdə Ermənistanın baş naziri ilə birgə mətbuat konfransında Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamları və Ermənistanı birtərəfli qaydada müdafiə edən bəyanatları birmənalı olaraq pislənilməlidir. Bu, bizə qarşı qərəzli münasibəti təsdiqləyir”.
Bu sözləri Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli “İki sahil”ə açıqlamasında bildirib.

O, eyni zamanda, bildirib ki, 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanı tənqid etmək əvəzinə, Azərbaycanı cavab tədbirlərinə görə günahlandırmaq yolverilməzdir.
Bildiyimiz kimi, fevralın 13-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq “Qisas” əməliyyatı keçirməyə məcbur olub.

QHT sədri qeyd edib ki, humanitar hüquq nöqteyi-nəzərindən Azərbaycan yalnız legitim hərbi hədəflərlə bağlı tədbirlər həyata keçirib. Humanitar hüquqda proporsionallıq - mülki əhali arasında tələfat və kommunikasiya infrastrukturunun nə dərəcədə zərər çəkdiyindən asılı olaraq müəyyən olunur. Azərbaycan, bildiyimiz kimi, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirib.
Fransa münasibətlərin normallaşması prosesinə hər cür müdaxilə etməyə çalışır. Fransa artıq Almaniya kansleri Şoltsun da vasitəçi səylərini qısqanmağa başlayıb və buna qarşı əks-tədbirlərə əl atır. Fransa Azərbaycan-Ermənistan şərti sərhədində regionda yeni gərginlik yaratmaq, sülh və sabitliyə əngəl törətmək məqsədi daşıyan vəziyyətin gərginləşdirilməsinin təşəbbüskarıdır.
Ramil İskəndərli qeyd edib ki, Ermənistanın Qarabağı könüllü tərk edən ermənilərinin geri qayıtmasını ictimai səviyyədə artıq qeyd etməsə də, Fransa prezidenti Emmanuel Makronun hələ də, öz açıqlamalarında bu barədə vurğulaması başa düşülən deyil. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Qarabağda lokal antiterror tədbirləri həyata keçirərək yalnız qanuni hərbi hədəfləri zərərsizləşdirməklə bu il sentyabrın 19-20-də qeyri-qanuni rejimə son qoyub, dinc əhaliyə ziyan vurmadan öz suverenliyini bərpa edib. Təbii ki, hüquqları pozulan, ərazilərindən didərgin salınan, kütləvi qırğınlara məruz qalan azərbaycanlıların hüquqlarını şərh etməyən Fransanın Azərbaycan ərazisini könüllü tərk edən ermənilərin hüquq və təhlükəsizliyindən danışması tamamilə absurd və gülüncdür. Qarabağda yaşamış ermənilər öz istəyi ilə və heç bir zorakılıq olmadan region tərk ediblər. Bu faktı həmin əraziyə səfər etmiş BMT missiya nümayəndələri də öz hesabatlarında təsdiqləyiblər. Yaxşı olardı ki, Fransa tərəfi niyə Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğalda saxlamasına aydınlıq gətirsin.
Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəmini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Belə olan halda Fransa prezidenti Emmanuel Makron niyə regionda sülh və əmin-amanlığın bərqərar olmasına qarşı çıxır?

Fakt budur ki, Fransa Azərbaycana qarşı ikili standartlara əsaslanan qərəzli siyasətini hələ də davam etdirir. Şübhəsiz ki, Azərbaycan da Fransanın ölkəmizə qarşı ikili standartlar mövqeyinə müqavimət göstərir, onun qərəzli siyasətinin əsl mahiyyətini hər addımda ortaya qoyur. Fransa ermənipərəst mövqeyi ilə Bakı ilə İrəvan arasında sülh perspektivlərini sarsıdır və bizi daim təzyiq altında saxlamaq istəyir. Fransa nəzəri cəhətdən dünyaya regional problemlərin, o cümlədən Qafqazdakı problemlərin həllində öz təsirini göstərmək istəyir, amma praktikada əslində strateji olaraq bizim regionda heç nəyi həll etmir. Makron yalnız “bacıları” ilə həmrəyliyini ifadə edə bilər. Onlar müharibəyə başlamaq və Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün Ermənistanı Azərbaycana qarşı təxribat xarakterli hərəkətlər etməyə sövq edirlər. Məqsəd son nəticədə Ermənistandakı Rusiya hərbi bazasını Fransa bazası ilə əvəz etməkdir. Artıq Ermənistanda Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələbləri səslənməyə başlayıb. Makron Ermənistanı yeni müharibə poliqonuna çevirmək istəyir. Paşinyanın Fransada olduğu günlərdə bu istiqamətdə atılan addımlar – İrəvan hava limanından rusiyalı hərbçilərin çıxarılması, Paşinyanın KTMT-də fəaliyyətini dondurduğunu bildirməsi, Fransanın müdafiə nazirinin Ermənistan üçün ayrılmış hərbi texnika ilə İrəvana səfər etməsi və s. buna istiqamətlənib.
Bütün bunların fonunda daim ifrat ermənipərəst mövqe nümayiş etdirən neokolonialist, azərbaycanofob Fransa öz geosiyasi mənfəəti naminə ölkəmizə qarşı məkrli siyasətindən, sülh prosesini pozmağa yönəlmiş çirkin əməllərindən əl çəkməlidir.
Yaqut Ağaşahqızı, “İki sahil”