28 fevral 2024 03:02
402

Qərblə Rusiyanın toqquşan maraqları Ermənistanı hərbi poliqona çevirəcək

Bu yeganə avantürist ölkədir ki, konstitusiyasında ərazi iddiası əks olunub

Hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsindəki reytinqi durmadan aşağı düşür. Lakin Ermənistan cəmiyyətində lider və şəxsiyyət qıtlığı yarandığı üçün hələlik onu əvəzləyəcək ciddi bir siyasətçi də gözə dəymir. Düzdür, Nikolun son illərdə sülhə meyilli açıqlamalarını da tez- tez eşidirik. Xüsusilə onun Ermənistanın  dövlət  atributlarını və konstitusiyasını da dəyişməyə meyillənməsi müsbət hal kimi qiymətləndirilir.

Azərbaycan dövləti də haqlı olaraq sülh üçün Ermənistan konstitusiyasındakı bəzi maddələrin ləğvini istəyir. Çünki Ermənistanın konstitusiyasında dəyişiklik edilməsi qaçılmaz prosesdir. Məhz bu səbəbdən də, Nikol Paşinyan fevralın 1-də İctimai televiziyaya müsahibəsində ölkəsinin əsas qanununun anormal maddələrlə zəngin olduğunu vurğulayıb. Bildirib ki, Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir: «Dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, müharibə olacaq və heç vaxt sülh yaranmayacaq». Nikol Paşinyan erməniləri inandırmağa çalışır ki, ölkəsinin qonşularla münasibətlərini müsbətə doğru yaxşılaşdırmsı üçün ölkədə konstitusiya dəyişiklikləri olmalıdır.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi və ölkə konstitusiyası Dağlıq Qarabağın Ermənistana  birləşdirilməsi haqqında 1989-cu il 1 dekabr tarixli deklarasiyaya əsaslanır. Bu sənədi 1990-cı il avqustun 23-də o zaman ölkənin Ali Sovetinin sədri vəzifəsini tutmuş Levon Ter-Petrosyan imzalayıb. Yeri gəlmişkən, bəzilərinin hələ də demokrat adlandırdığı bu zatın Ermənistanın prezidenti olduğu dövrlərdə  anti-Azərbaycan addımlarının əsası qoyulub, şəhər və kəndlərimiz işğal olunub. Müstəqillik Bəyannaməsinin preambulasında «Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında» Ermənistan Ali Soveti və «Dağlıq Qarabağın Milli Şurası»nın qərarı da əsas tutulur. Bundan başqa, sənəddə 1915-ci ildə Osmanlı dövlətində «erməni soyqırımı»nın beynəlxalq səviyyədə tanınmasına nail olunması da vurğulanıb. Bütün bunlar isə hələ də Ermənistan konstitusiyasından müharibə və qan iyinin gəldiyinə dəlalət edir.

Eyni zamanda, Ermənistanın himnində, bayrağında Türkiyə və Azərbaycana qarşı düşmənçilik simvolları da mövcuddur. Burada da onların ərazi iddiaları görünür. Ötən ilin mayında Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq ölkəsində ən hündür dağın Ararat (Ağrı dağı) deyil, Araqats olduğunu vurğulamışdı: «Ararat və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var.» O əlavə edib ki, Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazidir. «Ermənistan həmin əraziyə iddia edərsə, Türkiyə bizimlə əməkdaşlıq edər? Əlbəttə, yox».

Ermənistan parlamentinin sədri Alen Simonyan da bu günlərdə konstitusiya dəyişikliyindən bəhs edərək dövlət himni və gerbinin gec-tez dəyişdiriləcəyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında Ermənistanın əsas qanununun dəyişdirilməsinin vacibliyindən danışıb. Bildirib ki, bu ölkənin Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və onun ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da konstitusiyasında öz əksini tapıb. Ölkəmizin başçısı vurğulayıb ki, hazırda qonşu ölkədə bu mövzuda müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Lakin bu məsələlərdə Ermənistana mane olan xarici amillər də var. Belə ki, tarixi cinayətləri ilə Avropanın və ümumlikdə bütün bəşəriyyətin üz qarasına çevrilmiş Fransa Ermənistanın Azərbaycanla sülh sazişini imzalamasına birmənalı şəkildə mane olur. Məhz Fransaya arxayın olan Ermənistan hakimiyyətinin həm Azərbaqcana, həm də Rusiyaya qarşı avantürist çıxışları davam edir. Belə ki,  ötən həftə Nikol Paşinyanın Parisə işgüzar səfəri çərçivəsində «France24» telekanalına müsahibəsindəki anti-Rusiya və anti-Azərbaycan açıqlaması həmin dəstəyin təzahürüdür.

Paşinyanın Fransaya səfəri zamanı xüsusilə Rusiyanı hədəfə alması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ünvanına sərt bəyanatlar səsləndirməsi də bundan xəbər verir. Bu bəyanatlar onu göstərir ki, İrəvan bütün imkanları ilə KTMT-ni tərk etməyə tələsir. Eyni zamanda o, Rusiyanı dəfələrlə  Ermənistanda hakimiyyət çevrilişi etməyə çalışmaqda ittiham edib. Qeyd edək ki, fevralın 20-də İrəvanda Azadlıq meydanında Paşinyanın istefası tələbi ilə mitinq keçirilib. Mitinqi  «Qarabağ klanı»nın liderləri Rusiyapərəst Serjik Sarksiyanla Robert Koçaryanın tərəfdarları təşkil ediblər.

Təəssüf ki, Fransanın ermənipərəst hakimiyyəti hayları silahlandırmaqla Cənubi Qafqazda yeni müharibə ocağı yaratmağa çalışır. Ancaq onlar anlamırlar ki, yeni müharibə Ermənistanın bir dövlət kimi məhv olması deməkdir. Çünki bölgədəki  mövcud hərbi - siyasi şərait tamamilə Azərbaycanın xeyrinədir. Eyni zamanda, Ermənistanın anti-Rusiya davranışları onu ən ciddi müttəfiqsiz qoyub. Hətta siyasi ekspertlər iddia edirlər ki, Qərblə Rusiyanın Ermənistanda toqquşan maraqlarına görə, bu ölkə də Ukrayna və Suriya kimi hərbi poliqona çevrilə bilər.

Elçin Zaman, «İki sahil»