28 fevral 2024 02:14
330

Şərdən yaranmışdı, şər idi məramı...

Şərəfsiz 366-cı alay yoxa çıxarılsa da əlləri günahsız azərbaycanlıların qanına batmış hərbçilər vicdan məhkəməsindən qaça bilməzlər

Azərbaycan tarixinə öz adını qara hərflərlə yazan Sovet ordusunun mexanikləşdirilmiş 366-cı motoatıcı alayı həm Xocalı, həm də Qaradağlı qətliamında amansızlığı ilə fərqlənib. Məhz bu alayın hərbi gücü sayəsində ermənilər Birinci Qarabağ müharibəsində cəsarətlənərək ərazilərimizi işğal edib, xalqımıza qarşı soyqırımlar törədiblər. 

Bu qanlı alayın şərəfsiz tarixi günahsız insanlara divan tutulması faktları ilə doludur. Bu hərbi qurum sözün əsl mənasında şərin özündən yaranıb. Belə ki, alay Orta Asiyada bolşevik hökmranlığını qəbul etməyən, “qırmızıların” həqarətlə "basmaçı" adlandırdıqları orta təbəqəli kəndliləri qırmaq üçün təşkil edilib. Alay həmin xalqların amansız cəlladı kimi tanınıb. 1930-cu illərin repressiyası şəraitində minlərlə asiyalını istintaqsız və məhkəməsiz qətlə yetirib. 1945-ci ildə Berlində almanların qanını axıtdıqdan sonra 23-cü diviziyanın tərkibində Azərbaycana göndərilib. 1960-cı illərdə Zaqafqaziya Hərbi Dairəsi komandanının müavini general İ. Ohanyan diviziyanın Şəmkirdə yerləşdirilməsi əmrini verib və onu öz nəzarətində saxlayıb. Bədnam cəllad İ. Ohanyanın təşkilatçılığı ilə 366-cı motoatıcı alay 1964-cü ildə heç bir hərbi qüvvə saxlanmayan Xankəndi şəhərinə köçürülüb. Əslində şəhərə hərbi hissə gətirilməsinə və saxlanmasına heç bir ehtiyac yox idi. Ona qədər də şəhərdə hərbi kontingent olmamışdı. Ancaq bic ermənilər görünür, nə vaxtsa alaydan öz məqsədlərinə uyğun istifadə etmək üçün bu planı həyata keçiriblər.

Keçmiş SSRİ-nin hərbi rəhbərliyi tərəfindən isə nə üçün bu addımın atılmasının və böyük hərbi hissənin niyə məhz Qarabağda yerləşdirilməsinin səbəbi və ya zərurəti heç bir sənəddə göstərilmir. Nə Rusiya, nə də Ermənistan tərəfi indiyə qədər Moskvanın bu addımını dəlillərlə əsaslandıra bilməyiblər. Azərbaycandan olan ekspertlər isə 366-cı motoatıcı alayın Qarabağda yerləşdirilməsinə əsas səbəb kimi Zaqafqaziya Hərbi Dairəsi rəhbərliyi ilə yüksək vəzifəli erməni millətçiləri arasında olan məxfi razılaşmanı göstərirlər. Ehtimal var ki, bu işdə o zaman  Kremldə yüksək vəzifə tutan qatı daşnak Anastas Mikoyanın barmağı olub. Əgər belə deyilsə qoy onda əks arqument göstərsinlər. Ancaq o yoxdur.

Beləliklə, 1987-ci ildən etibarən Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər arxalarındakı hərbi qüvvədən ruhlanaraq çaxnaşmalar törətməyə başlayıblar. Silah əldə etmək məqsədi ilə erməni separatçıları Sovet ordusunun anbarlarına hücumlar təşkil ediblər. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, 1990-cı il yanvarın 1-dən 1992-ci ilin iyununadək Zaqafqaziyada silah anbarlarına 294 dəfə hücum təşkil edilib. Bunun 130-u Ermənistanda, 164-ü Qarabağda qeydə alınıb və hamısı ermənilərin payına düşüb.

Sovet mənbələrinə görə, guya bu alay Qarabağda tam ştatla fəaliyyət göstərməyib. Əslində 1800 nəfər şəxsi heyətə sahib olan alayın tərkibində 1992-ci ilin fevralında 630 hərbçi vardı.  Çünki əsgərlərin bir çoxu Azərbaycana qarşı döyüşmək istəmədikləri üçün qaçıb getmişdilər. Xankəndidə qalan 129 nəfər zabit və gizirin 49 nəfəri isə əslən erməni idi.

Xatırladaq ki, bir qədər əvvəl-1991-ci ildən etibarən alayda xidmət edən hərbçilərin böyük bir qisminə erməni hərbi birləşmələrinin tərəfində muzdla döyüşmək təklif edilib. Alayın zabit və sıravi hərbçilərinin böyük bir qismi buna razılıq verib. 1992-ci ilin əvvəllərindən etibarən 366-cı motoatıcı alay faktiki olaraq 23-cü diviziyanın və Zaqafqaziya Hərbi Dairəsinin nəzarətindən çıxıb. Bundan sonra onun qüvvəsindən müxtəlif işğallarda, o cümlədən fevralın 26-da Xocalı soyqırımının törədilməsində istifadə edilib. Polkovnik Yuri Zarviqarov böyük rüşvət və hədiyyələr müqabilində alayın komandanı olaraq vəzifəsində qalıb. O, quldur erməni yaraqlıları ilə birgə hücum planı hazırlayıb. Plana görə, 1992-ci ilin fevralına qədər Xocalı tam olaraq mühasirəyə alınıb. Gənc şəhər 4 ay mühasirədə saxlanandan sonra, fevralın 26-na keçən gecə Xocalıya hücum edilib və 1275 dinc insan qətlə yetirilib. Əməliyyata o zamanlar 366-cı motoatıcı alayın 2-ci motoatıcı batalyonunun komandiri mayor Seyran Ohanyan rəhbərlik edib. Məhz bu şəxs sonralar Ermənistanın müdafiə naziri vəzifəsinə qədər yüksəlib. Rusiya və Ermənistan mənbələri isə həyasızcasına indiyə qədər nəinki Seyran Ohanyanın, hətta 366-cı alayın Xocalı soyqırımının törədilməsində iştirak etmədiklərini bildirirlər.

Məhz Xocalı qətliamından bir neçə gün sonra Moskva 366-cı alayın Xankəndidən çıxarılması qərarını verib. Alay komandiri polkovnik Yuri Zarviqorova ordunu şimal istiqamətində geri çəkmək haqqında əmr gəlib. Bu, Rusiya qoşunlarının Gürcüstana köçürülməsi anlamını verirdi. Lakin Zaqafqaziya Hərbi Dairəsinin bu əmrinə 2-ci motoatıcı batalyonun komandiri olan mayor Seyran Ohanyan tabe olmayaraq Ermənistanda qalıb. Alaydakı erməni hərbçilər də Ohanyanı müdafiə ediblər. Onlar alayın bütün arsenalını-70-dən artıq tankı, PDM-i, BRDM-i, BMP-i, topları, qranatatanları, pulemyotları, digər hərbi texnikaları, milyonlarla müxtəlif çaplı patronları ələ keçiriblər. Bunun ardınca yeni ssenari işə salınıb. Uşaqların "dava" oyununu xatırladan döyüş səhnələri düzəldilib. Guya alay erməni yaraqlıları tərəfindən “mühasirəyə” alınıb. Bunu “görən” Zaqafqaziya Hərbi Dairəsinin komandanlığı həyəcan siqnalı ilə 328-ci və 345-ci desant alaylarını ayağa qaldırıb. Onlar 366-cı alaya "yardıma" göndəriliblər. Tərəflər arasında qısa sürən atışma olub və alayın şəxsi heyəti sağ-salamat Qarabağdan çıxarılaraq “xilas” edilib. Bundan sonra 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə gətirilib. 1992-ci il martın 10-da alay tam olaraq Vazianidə ləğv edilib.

Göründüyü kimi, bu, qəsdən quraşdırılmış bir tamaşa idi ki, qanlı alayın izi itsin. Sual yaranır: Necə oldu ki, cəmi 12 gün əvvəl Xocalını alıb ermənilərə  verən 366-cı alaya elə həmin ermənilər hücum etdilər? Kütbeyin erməni və rus generallarının bu yarıtmaz və dayaz planlarını kim başa düşmədi ki? Rusiya Müdafiə Nazirliyinin ozamankı rəhbərliyi ordusunda quldurluq edən, günahsız dinc insanların qanını axıdan zabit və əsgərlərinin birini də cəzalandırmadı, əksinə, onları qaçırıb gizlətdi. Ancaq vicdan məhkəməsindən qaçmaq mümkün deyil.

Beləliklə, qanlı alay keçdiyi şərəfsiz bir yolu elə o cür də şərəfsizliklə başa vurdu. Bu gün xalqımız 366-cı motoatıcı alayını nifrətlə yad edir və lənətləyir.

Vəli İlyasov, "İki sahil"