Ölkəmizdə keçirilən 7 fevral prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçilməsindən sonra andiçmə mərasmində səsləndirdiyi çağırışlar, müəyyənləşdirilən hədəflər ilk növbədə iqtisadiyyatın inkişaf etdirilməsini bir tələb kimi qarşıya qoyur. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, bu istiqamətdə mühüm addımların atılmasına çağırışlar edir. Artıq bu gün böyük inam hissi ilə qeyd edirik ki, Prezident İlham Əliyevin 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması hədəfi artıq reallıqdır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın üzləşdiyi hər bir çətinlikdən uğurla çıxmasını, yeni prioritetlərin müəyyənləşdirilməsini şərtləndirir.
Son üç ildən artıq dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. 30 illik işğal dövrünun dağıntılarının bərpa-quruculuqla əvəzlənməsi təbii ki, böyük məbləğdə maliyyə vəsaiti tələb edir. Bu gün Azərbaycanın iqtisadi imkanlarından bəhs edərkən ilk olaraq göz önünə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri gəlir.
Rəqəmlərə diqqət yetirək. 2021-2022-ci illərdə işğaldan azad olunmuş ərazilərimizin bərpasına dövlət büdcəsindən 6,5 milyard manat vəsait xərclənib. 2023-cü ildə nəzərdə tutulmuş vəsait 3 milyard manat oldu. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4 faiz çox idi. 2024-cü il üçün isə nəzərdə tutulan maliyyə vəsaiti 2, 4 milyard dollardır.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə etdikdən sonra azad olunmuş ərazilərimizdə kommunikasiya qurğularının və yaşayış məskənlərinin bərpası davam etdirilir. Yüz kilometrlərlə avtomobil yolları, körpülər tikilib və hazırda davam etdirilir.
BMT-nin hesablamalarına görə, işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard dollardır.
Bu statistik rəqəmə də nəzər salmaqla iqtisadi və maliyyə imkanlarımız haqqında dolğun təsəvvür yarada bilərik. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə qayıdıb. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Hədəf azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir.
Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ildə başa çatacaq. Bu müddətə qədər 140 min köçkünün öz dədə-baba torpaqlarına qayıdışı nəzərdə tutulur. Soydaşlarımızın yüksək həyat səviyyəsini təmin etmək üçün bütün zəruri addımlar atılır. Bircə faktı qeyd etmək kifayətdir ki, son üç ildə iki beynəlxalq hava limanı istifadəyə verilib, birinin tikintisi davam edir. Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ildə, Zəngilan Beynəlxalq Hava Limanı isə 2022-ci ildə istifadə verilib. Qısa müddətdə beynəlxalq status qazanan iki hava limanının tikintisi iqtisadi inkişafımızın əyani göstəricisidir. Laçın Beynəlxalq Hava Limanı isə 2024-cü ilin sonu 2025-ci ilin əvvəllərində istifadəyə veriləcək.
Dövlət başçısı İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində təkcə yanvar ayının sosial-iqtisadi göstəricilərinin fonunda Azərbaycanın gələcək iqtisadi inkişafının ümumi mənzərəsini yaratdı. Belə ki, ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artım müşahidə olunub. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu rəqəm 69,5 milyard dollardır. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb.
İqtisadi tərəqqi güclü sosial siyasət ilə tamamlanır. Azərbaycan son 20 ildə uğurlu islahatlar nəticəsində sosial dövlət kimi beynəlxalq nüfuzunu möhkəmləndirib. Vətəndaş amilinin dövlət siyasətinin əsasında dayanması beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Müqayisə üçün bu rəqəmləri də qeyd etmək istərdik. 2003-cü ildə minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsində öz sözünü deyir. Cənab İlham Əliyevin çıxışlarında bu mühüm məqam xüsusi qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar onlara heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Amma Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Neft gəlirlərinin idarə edilməsində şəffaflıq prinsipinin, ədalət meyarının qorunması ölkəmizdə bu problemlərin yaşanmamasını şərtləndirir. Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilməsi görülən işlərin, ümumilikdə vəsaitlərin təyinatı üzrə xərcləndiyinin aydın mənzərəsini təqdim edir. Yoxsulluq 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizlik prboleminin həlli istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Regional inkişaf Proqramlarının uğurlu nəticələri göz önündədir. Belə ki, regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən cənab İlham Əliyev yeni iş yerlərinin yaradılmasını qrşıya mühüm vəzifə kimi qoydu və nəticə göz önündədir. Bu günədək regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramı icra edilib. Bu sənədlərin icrası nəticəsində 2 mindən artıq yeni iş yeri yaradılıb ki, bunun da böyük hissəsi regionların payına düşür. Özünüməşğulluq proqramı icra edilir. Ailə tərərrüfatlarının inkişafına xidmət edən mühüm addımlar sırasında ABAD mərkəzlərinin yaradılmasını xüsusi qeyd etməliyik. Bu mərkəzlər ailə təsərrüfatlarının inkişafına asan dəstəyi yerinə yetirərək əhalinin sosial müdafiəsinin gücləndirilməsinə öz töhfələrini verirlər.
Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilib. Bu kateqoriyadan olan insanlara diqqət və qayğı davamlıdır.
Ümumilikdə iqtisadi imkanlarımız hər bir hədəfə yüksək səviyyədə nail olmağa əsas verir. Bu gün ölkəmizdə aparılan islahatlar tamamilə yeni bir investisiya iqlimi yaradıb. Azərbaycan investisiya cəlbediciliyini yüksək səviyyəd qoruyur. Belə ki, son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Tarixi Zəfərimizdən sonra iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi, həmçinin «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi gələcək iqtisadi inkişafımızın təqdimatıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm imkanlarının genişliyi qeyri-neft sektoruna böyük dəstək verəcəkdir. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında bu çağırış səsləndirlir ki. qeyri-neft sektorunun inkişafı prioritetdir.
İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafının əsasıdır. Artıq bu gün neft-qaz sənayesi ilə yanaşı, bərpaolunan enerji sahəsində də böyük imkanlar mövcuddur. Azərbaycan neft, qaz, eyni zamanda, elektrik enerjisi ixracatçısı kimi tanınır və nüfuz qazanır. Bütün bunlarla yanaşı, hazırkı dövrdə bu reallığı da əminliklə deyə bilərik ki, əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoru da diqqətdədir. Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərindən bəhs edərkən belə bir əminliyi də səsləndirdi ki, əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək.
Nüsrət Məmmədov, “İki sahil”