28 fevral 2024 12:51
1122

Erkən nikah mərasimlərində qol qaldırıb oynamaqdansa... - EKSKLÜZİV

Erkən yaşda ailə həyatı quran qız ailə həyatına psixoloji cəhətdən hazır olmadığı, öz zərif çiyinlərinə ağır ailə yükünü götürdüyü, fiziki tərəfdən fəsadlarla rastlaşdığı üçün və s. bu kimi məqamlara görə ciddi çətinliklərlə üzləşir

Müsahibimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin Ailə problemləri sektorunun baş məsləhətçisi Səmra Əliyevadır: 

- Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Erkən nikah problemi niyə görə hələ də aktual problem olaraq qalmaqdadır? Maraqlıdır, erkən nikahların sayı niyə artır? Bunun fəsadları nədir və qarşısını necə almaq olar?

Bəzi hallarda qız uşaqları özləri də anlaqsız vəziyyətdə erkən evliliklərə meyl edirlər

- Erkən nikah problemi müəyyən mənada tarixi ənənələrlə, sosial normalarla dəstəklənən bir məsələdir. Hansıki bu problem uşaqlarla, ailələrlə yanaşı cəmiyyət üzvlərinə və ölkə iqtisadiyyatına da ciddi ziyan vurur. Və sözsüz ki, bu problemin hələ də aktual olaraq qalması nəticəsində bir çox fəsadlar yarana bilər. Əlbəttə illər öncə olan statistika ilə cari göstəriciləri müqayisə etsək kifayət qədər azalma və irəliləyiş müşahidə edirik. Amma problem tamamilə həllini tapmayıb. Araşdırmalar göstərir ki, erkən nikah faktlarının bir çoxunda valideyinlər erkən yaşda evliliyin qızları üçün çox yaxşı, ideal gələcək vəd etdiyini düşünərək onları bu evliliyə məcbur edirlər və bu qərarları ilə öz yaxınları arasında, cəmiyyətdə bilmədən olsa belə, erkən yaşda evliliyi təbliğ edirlər. Valideyinlər bəzən bu əməllərini ənənələrlə əsaslandırır, bəzən də sosial vəziyyətlərinə görə qızlarını çətin vəziyyətdən çıxartmaq istədiklərini əsas gətirirlər. Halbuki bütün bunlar yalnız bəhanələrdir. Bu zaman yaxın ətrafın, qohumların, qonşuların da mövcud prosesə müdaxilə etməmələri, aidiyyəti orqanlara dərhal məlumat verməmələri, əksinə erkən nişan, erkən nikah mərasimlərində iştirak etmələri gələcəkdə yaranacaq bir çox problemlərin təməlinin birgə atılması deməkdir. Bəzi hallarda qız uşaqları özləri də anlaqsız vəziyyətdə erkən evliliklərə meyl edirlər. Baxmayaraq ki, belə ailələrdə valideyinlər qəti surətdə erkən evliliyə etiraz edirlər, lakin yeniyetməlik dövrü yaşayan, dünyəvi fikirləri, dünyagörüşü və ailə həyatı haqqında fikirləri hələ tam formalaşmamış qız heç kimin məsləhətinə, etirazına baxmadan, təhsilini yarımçıq qoyaraq erkən yaşda evliliyə addım atır. Beləliklə aydın olurki, erkən yaşda evliliyin ən ümdə səbəbələri maarifsizlik və məlumatsızlıq, eyni zamanda qanunlara biganə yanaşmaqdır. Erkən nikah nəticəsində yaranacaq fiziki, psixi, sosial problemlərlə bağlı məlumatı olan heç bir şəxs və onun ailə üzvləri bu yola addım atmaz.

- Azərbaycan qanunlarında yeniyetmələri erkən nikaha cəlb edən valideyin və digər şəxslər barəsində cinayət məsuliyyəti varmı? 

Nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə 4 ilədək həbs cəza nəzərdə tutulur

- İlk öncə onu qeyd etmək lazımdır ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsasən 18 yaşına çatmamış olan şəxs uşaq sayılır. Azərbaycan höküməti də qeyd edilən konvensiyanı ratifikasiya edib və ölkəmizdə Azərbaycan Respublikasının ali qanunu olan Konstitusiya, Uşaq Hüquqları haqqında Qanun və digər bir çox normativ hüquqi aktlarla uşaqların hüquqları qorunur, valideyinlərin vəzifələri müəyyən edilir. Ölkəmizdə 18 yaşadək şəxslə bağlanılmış nikah erkən nikah sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-cı maddəsinin 1.2.-ci yarımbəndinə əsasən nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

- Aparılan tədqiqatlar göstərir ki, şəhərlərdən çox kənd yerlərində qızlar erkən ərə gedir və erkən də ayrılırlar. Bu nədən qaynaqlanır? Azərbaycanda erkən nikahlar hansı bölgələrdə dəbə minib?

Bəhanə kimi göstərilən adətlər...

- Erkən nikah məsələsinin dəbə minməsini demək yanlış olardı. Lakin bir çox bölgələrdə cəmiyyət üzvləri hələ də düzgün olmayan stereotiplərdən vaz geçməyərək fəsadların yaranmasına səbəb olurlar. Yanlış stereotiplər xüsusilə kənd yerlərində daha gec məhv olursa, bu həmin bölgələrdə müəyyən çatışmamazlıqların olmasının göstəricisidir. Xüsusilə qız uşaqlarının asudə vaxtının səmərəli keçirilməsi üçün şəraitin olmaması, peşə kurslarının azlığı, qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınmaması, qız uşaqlarının daha çox evdə ailəyə qulluq edən, ev işlərini görən ailə üzvü və sosial yük kimi qəbul edilməsi, bəhanə kimi göstərilən adətlər çərçivəsində qızların müasir cəmiyyətdə sosiallaşmasının qarşısının alınması bölgələrdə bu problemin daha çox müşahidə olunmasına səbəb olur.

- Dünya üzrə aktual olan bu problemin həlli istiqamətində ölkəmizdə hansı işlər görülüb? Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bu istiqamətdə hansı işlər görülür? 

Ötən il 25 erkən nikah halının qarşısı alınıb və ailələrlə profilaktik iş aparılıb

- 2020-ci ildə Dövlət Komitəsi tərəfindən hazırlanan “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib və bütün aidiyyəti qurumlara səlahiyyətləri çərçivəsində işlərin görülməsi tapşırılıb. İlk dəfə bu sənəddə erkən nikah və qohum nikahları anlayışlarının izahı verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Komitənin səlahiyyətləri daxilində mütəmadi olaraq bütün ölkə üzrə maarifləndirmə tədbirləri keçirilir, xüsusilə qız uşaqlarının təhsildən yayınması kimi problemlər araşdırılır və aidiyyəti qurumlarla birgə, eyni zamanda Komitənin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən tədbirlər həyata keçirilir. Uşaq hüquqlarının qorunması, uşaq iştirakçılığının artırılması, cəmiyyətdə baş verən mənfi hallardan onların müdafiəsi, erkən nikah və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması və digər istiqamətlər üzrə təkcə 2023-cü il ərzində 13 min 434 nəfərin iştirakı ilə 162 təlim, seminar və konfrans təşkil olunub. 2023-cü il ərzində erkən nikah hadisəsi ilə bağlı 29 fakt üzrə monitorinq-ailə səfərləri təşkil edilib, 25 erkən nikah halının qarşısı alınıb və ailələrlə profilaktik iş aparılıb.

Eyni zamanda onuda qeyd etmək yerinə düşər ki, Dövlət Komitəsinin 860 “Gender əsaslı zorakılıqla bağlı” dəstək xətti və 116111 “Uşaq Qaynar Xətti” fəaliyyətini davam etdirir və bütün müraciətlərə dərhal reaksiya verilir. Cari ildə də müxtəlif mənbələrdən verilmiş məlumatlar nəticəsində bir neçə erkən nikah faktının qarşısı alınıb, belə hallar davam edərsə bu istiqamətdə işlər davam etdiriləcəkdir. Komitə tərəfindən həm də onlayn və çap formasında maarifləndirmə vəsaitləri, video roliklər hazırlanır və cəmiyyət üzvlərinin ən çox fəal olduğu, istifadə etdiyi məkanlarda yayımlanır, paylanır.

- Erkən nikaha məcbur edilərək qurulan ailələrin təməli də möhkəm deyil. Əksər hallarda gələcəkdə belə nikahlar boşanma ilə nəticələnir. Bununla bağlı şərhiniz...

Erkən yaşda ailə həyatı quran qız ciddi çətinliklərlə üzləşir

- Ümumiyyətlə erkən nikahlar nəticəsində həssas təbəqədən olan ailələrin sayı artır. Erkən yaşda ailə həyatı quran qız ailə həyatına psixoloji cəhətdən hazır olmadığı, öz zərif çiyinlərinə ağır ailə yükünü götürdüyü, fiziki tərəfdən fəsadlarla rastlaşdığı üçün və s. bu kimi məqamlara görə ciddi çətinliklərlə üzləşir. O, bu çətinliklərə hazır olmadığı üçün ciddi depressiya yaşayır, hətta intihara cəhd edir. Erkən yaşda uşaq dünyaya gətirən, təhsilini yarımçıq dayandıran, hər hansı peşəyə yiyələnməyən qız öz övladlarını və ailəsini təmin edə bilməyəndə özünü çox çarəsiz hiss edir. Nəzərə alsaq ki, erkən nikah nəticəsində həm də bir çox hallarda ailədə məişət zorakılığı müşahidə olunur, bütün bu səbəblər toplananda erkən evliliklər çox vaxt boşanma ilə nəticələnir. Əks halda isə biz müsbət psixoloji iqlimin hökm sürmədiyi, ailə münasibətlərinin pozulduğu ailələrlə qarşılaşırıq.

- Erkən nikahla necə mübarizə aparmalı? Çıxış yolunu nədə görürsünüz? Tövsiyə və çağırışlarınız...

Erkən nikahla 1 nəfər yaxud 1 ailə deyil bütün cəmiyyət üzvləri mübarizə aparmalıdır

- Erkən nikahın 1 səbəbi olmadığı kimi çıxış yoluda 1 deyil. Problemə kompleks yanaşma olduqca vacibdir. Bu dəqiqdir ki, erkən nikahla 1 nəfər yaxud 1 ailə deyil bütün cəmiyyət üzvləri mübarizə aparmalıdır. Hər kəs erkən nikahın fəsadları barədə məlumatlı olmalı, yaxın ətrafında bu cür hallar baş verərsə dərhal həmin ailənin üzvlərini maarifləndirməli, qanunvericiliklə tanış etməli və dərhal aidiyyəti dövlət qurumlarına məlumat verməlidirlər.

Əlbəttəki, bu proseslərdə uşaqlarla daima ünsiyyətdə olan pedaqoji kadrların prosesləri nəzərdən qaçırmamaları, vaxtında lazımi müdaxilələr etmələri və ailələrlə, qurumlarla daima əlaqədə olmaları, təhsildən yayınan xüsusilə qız uşaqları barədə dərhal aidiyyəti üzrə məlumat vermələri olduqca önəmlidir.

Erkən nikah, uşaq evlilikləri, onların xüsusən qız uşaqlarının həyatında yaradacağı fiziki, psixi fəsadlar və təhsildən yayınmanın qız uşaqlarının həyatına təsiri barədə yeniyetmələr, valideyinlər və cəmiyyət üzvləri mütəmadi olaraq məlumatlandırılmalıdır. Cəmiyyət üzvlərində ictimai qınaq fikri yaradılmalı, erkən nişan və erkən nikah mərasimlərində qol qaldırıb oynamaqdansa valideyinlərə bu evliliyin gələcəkdə yaradacağı problemlər barədə məlumat vermələri tövsiyə olunmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”