29 fevral 2024 08:17
293

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Xankəndi - Bakı ultra marafonunu yüksək qiymətləndirib

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Xankəndi - Bakı ultra marafonu ilə bağlı fikirlərini bildirib.

“İki sahil” xəbər verir ki, o, tədbiri yüksək qiymətləndirib.

Nazirlik rəsmisi tarixi an yaşandığını bildirib: "Hamımız bir yerdə tarixi hadisəni yaşayırıq. Təşkilatçılara, yarış iştirakçılarına, media nümayəndələrinə təşəkkürümüzü bildiririk. Ultra marafonun iştirakçılarını martın 4-də finişdə qarşılayacağıq".

Elnur Məmmədov ultra marafonun "İdman həftəsi" çərçivəsində həyata keçirildiyini söyləyib: "Dünən artıq bir neçə tədbir baş tutdu. Martın 5-nə qədər bu tədbirlər davam edəcək. Şəhidlərin və qazilərin övladları üçün xüsusi tədbir olacaq, qanvermə aksiyası baş tutacaq".

Qeyd edək ki, ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, ümumilikdə 380 km məsafə qət edəcək və martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.