29 fevral 2024 10:06
361

"Qəbələ"nin baş məşqçisi Azərbaycan çempionatlarının tarixinə düşüb

Kaxaber Sxadadze Azərbaycan çempionatlarının tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legioner baş məşqçi kimi düşüb.

“İki sahil”in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, 2008-ci ildə “Standard”, 2009-15-ci illərdə “İnter”i (indiki “Şamaxı”) çalışdıran gürcüstanlı mütəxəssis “Qəbələ”də debüt edib.

Onun debütü “Qarabağ”la XXIII turdan təxirə salınan matça təsadüf edib. Tsxadadzenin yetirmələri 0:4 hesabı ilə uduzublar.

O, 3204 gündən sonra Premyer Liqaya qayıtmaqla bu rekorda imza atıb. Sxadadzenin “İnter”dəki son matçı 2015-ci il mayın 22-də “Qarabağ”a qarşı olub – 2:1.

Qeyd edək ki, 4 legioner baş məşqçi Azərbaycan Premyer Liqasında iki fərqli kluba rəhbərlik edib. Bunlar Cüneyt Biçər (“Bakı”, “Xəzər Lənkəran”), Rasim Kara (“Xəzər Lənkəran”, “Qarabağ”), Qyoko Hacıyevski (“Bakı”, “Simurq”) və Kemal Alispahiçdir (“Muğan”, “Rəvan”).