29 fevral 2024 10:41
250

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi ikinci turda Gürcüstana uduzub

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komanda ilə ikinci yoldaşlıq görüşünü keçirib.

Federasiyadan "İki sahil"ə verilən məlumata görə, qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma bu dəfə qara fiqurlarla mübarizə aparıb. Startdan əvvəl Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov çıxış edib, ardınca isə simvollik olaraq ilk gedişi yerinə yetirib.

İkinci turda 4 partiyada qalib müəyyənləşməyib. Bir oyunda isə Nino Baçiaşvili millimizin üzvü Ülviyyə Fətəliyevadan üstün olub.

Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar. Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.