Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış müvafiq sənədə əsasən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun idarə olunması məqsədilə birgə müəssisə yaradılacaq.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
Onun sözlərinə görə, layihə üzrə işlər tam başa çatdıqdan sonra bütün əməliyyatlar bu müəssisə tərəfindən həyata keçiriləcəkdir: "Bu istiqamətdə də artıq işlərə başlanılıb, hüquqi sənədlər hazırlanıb və yaxın günlərdə birgə müəssisənin yaradılacağı gözlənilir".
R.Rüstəmov bildirib ki, birgə müəssisə hər iki tərəfin 50 % paya malik olması şərti ilə yaradılır: "Birgə müəssisənin əsas işi layihə ilə bağlı bütün işlərin həyata keçirilməsi, yükdaşınması üzrə tariflərin müəyyən olunması, yüklərin daşınması və bütövlükdə əməliyyat məsələlərinin həll olunmasından ibarətdir".
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir