03 mart 2024 12:07
488

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı: Milli təhlükəsizlik məsələsi olduğundan...

Azərbaycanın enerjinin şaxələndirilməsi istiqamətində yürütdüyü siyasət Azərbaycanın milli təhlükəsizliyi ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına, o cümlədən Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarına çıxarılmasında çox mühüm rol oynayır.

Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bu məsələnin vacibliyini xüsusi olaraq vurğulayıb.

“Əməkdaşlığın yeni perspektivləri, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayb.

Bu gün regionun lider dövləti olan Azərbaycan dünya ölkələri üçün əməkdaşlıq baxımından ən cazibədar ölkələr sırasında ön pillələrdən birini tutur. Bu məsələdə xüsusi yerə malik olan sahə isə məhz enerji resurslarıdır ki, bu istiqamətdə Azərbaycan ən etibarlı tərəfdaş hesab olunur.

Mövzu ilə bağlı “İki sahil”ə danışan deputat İltizam Yusifov deyib ki, təkcə ölkəmizin enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində həyata keçirdiyi işlər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı etibarlı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət edib və etməkdədir: 

"Azərbaycan enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyin təmin olunması istiqamətindəki siyasətini həyata keçirərkən nə qədər çətinliklərlə üzləşsə də, bu, milli təhlükəsizlik məsələsi olduğundan yürütdüyü siyasətdə ardıcıl olub. 

Çətinliklərdən və yaradılan əngəllərdən geri çəkilməyib. Ortaya qoyulan qətiyyətli və cəsarətli siyasət nəticəsində bütün çətinliklər, hətta dövlətçiliyə yaradılan təhdidlər belə dəf edilib. Bunun nəticəsidir ki, Azərbaycan neft-qaz sahəsində deyil, artıq "yaşıl enerji" sahəsində də Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində konkret addımlar atmaqdadır. 

Artıq "yaşıl enerji"nin Avropa çatdırılması məqsədi ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın hakimiyyət orqanları Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirir. Bu məsələ martın 1-da Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında da müzakirə edilib və tərəflər arasında razılıq əldə edilib. 

Sualtı elektrik kabeli davamlı enerji ötürülməsi zəncirinin təmin edilməsində həlledici rol oynayacaq. Qara dəniz dibindən çəkiləcək kabel layihəsi enerji təhlükəsizliyinin daha geniş formada təmin edilməsi baxımdan mühüm addımdır. Bu da nəticə etibarı ilə təkcə sazişi imzalayan ölkələr arasında deyil, bütövlükdə Qara dəniz hövzəsi və Avropa ölkələri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək. 

Bu layihə alternativ enerji təminatı baxımdan çox böyük əhəmiyyətə malik transmilli layihə olacaq. Çünki iqlim dəyişikliyinə qarşı mübarizədə alternativ enerji istahsalı və ixracatı dünyada çox ciddi rol oynayacaq. Azərbaycanın bu təşəbbüsü gələcəyə hesablanan çox strateji hədəfidir. Bu Azərbaycanın Avrasiya coğrafiyasındakı əhəmiyyətli rolunu artırmağa və aparıcı rola və imkanlara malik ölkə olduğunu ortaya qoyacaq. Yəni bu layihə Azərbaycanın geosiyasi proseslərdə ciddi oyunçu kimi oynamasına geniş imkanlar yaradacaq”.

Deputat onu da əlavə edib ki, Azərbaycan tamamilə yeni marşrut olan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa ölkələrini daha geniş şəkildə qazla təmin etmiş olacaq:

“Artıq bu marşrutdan innektorlar vasitəsi ilə müxtəlif ölkələri özlərini qazla təmin edir və bu proses davam etməkdədir. Gələcəkdə daha çox ölkə Xəzər hövzəsindəki qazdan istifadə edəcək. 

Bununla da Azərbaycan Avrasiyadakı geosiyasi vəziyyətdən məharətlə yararlanmaqla bu coğrafiyanın enerji və logistik marşrut xətlərini yenidən müəyyən etməkdədir. Bu da Avrasiya coğrafiyasdında Azərbaycanın necə ciddi oyunçu olduğunu göstərən əsas amildir. 

Azərbaycan zamanında qlobal geosiyasi proseslərə çevik reaksiya verib adekvat siyasət yürütməklə bu uğurlara imza atıb. Əminəm ki, qarşıdakı mərhələdə Azərbaycan bu istiqamətdə qoyduğu hədəflərə nail olacaq. Bu həm ölkəyə daha böyük həcmdə investisiyaların cəlb olunmasında, həm ölkəsinin iqtisadi vəziyyətinin inkişaf edərək əhalinin sosial vəziyyətinin yaxşılaşması, həm milli təhlükəsizliyinin etibarlı təmini, həm də beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində, yeni-yeni imkanların açılmasında öz müstəsna rolunu oynayacaq".