Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Qafqaz İslam Ordusunun komandanı, “Bakının xilaskarı” Nuru Paşanın əbədiyyətə qovuşmasının 75-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirib.
“İki sahil” xəbər verir ki, tədbiri açıq elan edən TÜRKPA-nın Baş katibi Mehmet Sürreya Er Nuru Paşanın döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, Nuru Paşa Türkiyə və Azərbaycan üçün bu gün də böyük igidlik nümunəsi, əsl qəhrəmanlıq mücəssəməsi hesab edilir. Nuru Paşa kimi sərkərdələrin adının yaşadılması, Vətən uğrunda verilmiş qurbanların, göstərilmiş qəhrəmanlıqların daim xatırlanması Türk dünyasının gələcəyi baxımından mühüm rol oynayır.
Daha sonra çıxış edən “Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı vurğulayıb ki, Nuru Paşa tarixə adını Birinci Dünya müharibəsindən sonra həm qalib zabit, həm də xalqımızın qəlbini fəth edən sərkərdə kimi yazdırıb. A.Aşırlının sözlərinə görə, Bakının azad edilməsi istiqlalın elan olunmasından sonra Azərbaycanın taleyində ikinci böyük tarixi hadisə idi. Nuru Paşanın rəhbərliyi ilə Bakının işğaldan azad edilməsindən sonra hökumət Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi fəaliyyət göstərdi.
Sonra Türkiyə Respublikası Prezidentinin baş müşaviri Yalçın Topçunun Nuru Paşanın əbədiyyətə qovuşmasının 75-ci ildönümü ilə bağlı mesajı oxunub.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı diqqətə çatdırıb ki, Nuru Paşanın qəlbi Türk dünyası ilə döyünüb, o, Türk dünyasının böyük təəssübkeşi olub. Bu gün Nuru Paşanın və canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərin ruhu şaddır.
Tədbirin davamında çıxış edənlər Nuru Paşanın Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna hər vasitə ilə çalışdığını və bunun üçün onun həm siyasi-diplomatik, həm də silahlı mübarizə yoluna əl atdığını bildiriblər.
Natiqlər 44 günlük Vətən müharibəsinin iki ölkənin möhkəm qardaşlıq bağlarını bütün dünyaya bir daha nümayiş etdirdiyini məmnunluqla vurğulayıblar.
Həmçinin tədbirdə Nuru Paşa haqqında sənədli film nümayiş etdirilib.
***
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi tərəfindən Qafqaz İslam Ordusunun komandanı, “Bakının xilaskarı” Nuru Paşanın əbədiyyətə qovuşmasının 75-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilir.
“İki sahil” xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, media təmsilçiləri iştirak edirlər.
Qeyd edək ki, Nuru Paşa 1890-cı ildə Türkiyənin İstanbul şəhərində anadan olub. İstanbulda böyüyüb və orada ilk hərbi təhsilini alıb. Azərbaycanda göstərdiyi çox dəyərli xidmətlərinə görə Nuruya həm Azərbaycanda, həm də Türkiyədə "paşa" deyə müraciət ediblər. Elə bu gün də o, həm Azərbaycanda, həm də Türkiyədə paşa kimi xatırlanır və elə bu ad altında da ortaq tariximizin səhifələrində əbədi həkk olunub. Nuru Paşa 1949-cu il mart ayının 2-də sahibi olduğu Sütlücə hərbi fabrikində baş vermiş partlayış nəticəsində həlak olub. Partlayış kapsulların saxlandığı otaqda texniki normalara əməl edilməməsi nəticəsində baş verib.