03 mart 2024 19:54
321

Biləsuvarda 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib - FOTO

Martən 3-də “İdman həftəsi” çərçivəsində Biləsuvar şəhər mərkəzi stadionunda 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş ümumrayon tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

“İki sahil” xəbər verir ki,  tədbirin açılış mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov idmançıları bayram münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb. Tədbirdə qeyd olunub ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması heç də təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Məhz həmin gündən ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı yeni strategiyanın təməli qoyulub. Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərib.

Çıxışlardan sonra cüdo, güləş, taekvando, karate, boks və futbol idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib.

5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bir qrup idmançı diplomlarla mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam etdirilib.