04 mart 2024 23:57
333

Vətəni yaşadan qəhrəman

İkinci Qarabağ müharibəsində qan töküb Vətəni yaşadan polkovnik-leytenant Mehman Şirvanov qalxdığı şəhidlik zirvəsində  ömrünün 44-cü ilinə qovuşdu.  Axı, şəhidlər heç vaxt ölmürlər. Onlar canını fəda etdikləri Vətənin səmasında parlaq günəşə dönüb milyonların  ürəyində sevgi olurlar. Məhz elə buna görə Vətən sevdalısının doğulub boya –başa çatdığı Lənkəran rayonunun Ürgə kənd camaatı,   Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev və təşkilat əməkdaşları məzarını  ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra  ziyarətçilər şəhidin ata ocağına gəlib İ. Əmənullayev qayğı, sosial problemləri ilə maraqlanıb, təşkilat tərəfindən hazırlanmış hədiyyəni  onlara verib.

Həm də bildirilib ki, Vətənin dar günündə  dadına çatıb  onun yaşaması naminə sinəsini düşmən gülləsinə sipər etmək  yalnız mərd, qeyrətli oğlanların işidir. Mehman bu müqəddəs yolda canını qurban verib. Fəqət, Mehman kimi Vətən övladların qəhrəmanlığı, vətənpərvərliyi, qələbə əzmi  sayəsində ordumuz qalib gəldi,  30 il yağıya əsir düşən Qarabağımız azad  olundu. Odur ki, doğma Azərbaycan var olduqca,  Mehman  dahim ürəklərdə yaşayacaq, şərəfli həyat yolu da gələn nəsillərə örnək göstərilər.

Uşaq yaşlarında Vətənə, doğma torpağına məhəbbət ruhunda böyüyən Mehman Şirvanov  düşməndən qisas almaq məqsədilə hərbi peşəsinə yiyələnib. 1998-2002-ci illərdə Bakı Ali Birləşmış Komandanlıq Məktəbində təhsil alıb. Müxtəlif  hərbi hissələrində canından artıq sevdiyi Azərbaycanına  nümunəvi, qüsursuz xidmət göstərib. Xidmət dövründə daha da mükəmməl olmaq üçün bir sıra inkişaf etmiş xarici ölkələrdə,  o cümlədən Rumıniyada,  qardaş Türkiyədə, eləcə NATO tərəfindən təşkil olunan  ixtisasartırma  kurslarında iştirak edib. Vətənə sonsuz məhəbbətini ilk dəfə  Mehman  2016-ci ilin  Aprel döyüşlərində göstərib. Ağır müharibə meydanında dığalara qan qusdurub.   Vətən müharibəsinin ilk günü  qəhrəman zabitin son  savaşı olub. Polkovnik-leytenant sentyabrın 27-də Murovdağ yüksəkliyi uğrunda döyüşdə  şəhidlik zirvəsinə ucalıb.  Ölümündən sonra “Qarabağ” ordeninə, “Vətən uğrunda”, “İgidliyə görə” medallarına layiq görülüb. Vətənə əmanət qoyduğu  Nuray adlı qızı var.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü