05 mart 2024 00:12
339

Fransa Avropanın jandarmı mundirində

Ancaq Makron komissar Jukdan ağıllı deyil

Siyasi avantürist Emmanuel Makronun bütün "cabaları" bir məqsədə xidmət edir: Avropaya və hətta dünyaya jandarmlıq etmək. Sonrakı məqsədi qarşı çıxanları sərt cəzalandırmaqla, zəif ölkələri müstəmləkə əsarəti altına salmaqla, sərvətlərini əllərindən alıb Fransaya daşımaqdır ki, "fransız xalqı kef çəksin." Ona görə fransız işğalçılar sərhədlərindən min kilometrlərlə uzaqda, şeytan kimi dünyanın ən ağlagəlməz guşələrində peyda olurlar. Yoxsa  Ermənistan, hara, Fransa hara? Fransa Azərbaycandan beş min kilometr, Kaledoniyadan 1700 kilometr uzaqda yerləşir. İspaniya, Korsika adası, Afrika ölkələri də yaxınında deyil. Ancaq bu ölkələrin hər biri Fransadan az və ya çox dərəcədə incikdirlər. Nəyə görə? Ona görə ki, burnunu bu ölkələrin daxili işlərinə soxmaq, “ayağına yer etmək üçün” hər yerdə münaqişə ocağı alovlandırmağa çalışır. Hazırda Emmanuel Makronun ağzı sulana-sulana baxdığı Cənubi Qafqaz regionuna soxulmaq üçün Ermənistanın maymaq baş naziri Nikol Paşinyandan maşa kimi edir. Makronun Almaniya kansleri Şoltsla yaratdığı düşmən münasibətləri də yersiz iddiasına görədir. Bəli, bu tərs, yüngülbeyin, eqoist, təsadüfi dövlət başçısı hətta dünya ağalığının iddiasındadır Fransanın işğalçılıq miqyasının bu qədər genişliyi fikrimizi əsaslandırır.

Görəsən, Makronun “Ukraynaya qoşun göndərilməsi istisna edilməməlidir” sözləri təsadüfi fikir kimi qəbul olunmalıdır, yoxsa burada gələcəyə hesablanmış hansısa məkrli məqamlar var?

Hazırda Makronun bəyanatları beynəlxalq KİV-lərin başlıca gündəm mövzularındandır. O, təxminən il yarım əvvəl söyləyirdi ki, bu müharibədə Rusiyanın ağır məğlubiyyətə uğradılması yaxşı nəticələrə gətirib çıxarmaz və “Putinin simasının qorunmasına” ehtiyac var. Amma indi görürük ki, Fransa prezidenti Rusiyanın Ukraynada qələbə qazanmasının yolverilməz olduğunu deyir və lazım gəldiyi təqdirdə hətta Ukraynaya ordu göndərilməsini vacib sayır.

Makronun bu fikirlərinə onun orbitində dolanan bir sıra Avropa liderləri dərhal münasibət bildiriblər. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin lap əvvəlindən NATO-nun Baş katibi Yens Stoltenberq alyansın belə bir planının olmadığını açıqlayıb. Sonra Almaniya, Böyük Britaniya, Polşa və bir çox digər Avropa ölkələri rəsmiləri də Ukraynaya ordu yollamaq niyyətində olmadıqlarını deyiblər. Bəs Makronun bu ideyası nə ilə nəticələnə bilər? Əgər Fransanın təşəbbüsü Avropada geniş və uzunmüddətli müzakirələrə səbəb olarsa, gündəmdən düşməzsə və onu digər nüfuzlu siyasi fiqurlar da dəstəkləyərsə, o zaman Ukrayna müharibəsinin yeni və daha radikal fazaya keçməsi mümkündür.

Fransa əvvəllər Avropada siyasi çəkiyə malik dövlət olduğunu sübut etməyə çalışıb və bu səbəbdən də onun bir çox hallarda ümumi yanaşmadan fərqli addımlar atdığı vaxtlar olub. Fransa Avropada öz iqtisadi gücünə görə ikinci yerdə qərarlaşsa da, silahlı qüvvələr baxımından köhnə qitənin ən güclü ordusuna malikdir. Düzdür, Fransanın böyük ordusu yoxdur, amma onun texnoloji cəhətdən üstün olan silahları və güclü hərbi sənaye kompleksi var. Bununla belə Fransanın siyasi strateqləri bilirlər ki, təkbaşına liderlik etmək mümkün deyil və bunun üçün Avropanın öz güclü ordusu qurulmalıdır.

Fransanın Ukrayna ilə bağlı “canıyananlığına” gəlincə, Makronun səmimiliyi həmişəki kimi ciddi şübhə doğurur və onun sözləri ilə cinayətkar əməlləri üst-üstə düşmür. Rəsmi Paris istəsəydi, Ukraynaya müstəqil şəkildə daha iri miqyasda və davamlı hərbi yardım göstərə bilərdi. Ancaq bunu etmək əvəzinə rəsmi Paris Avropa İtifaqının üçüncü ölkələrdən Ukraynaya silah almasına veto qoyur ki, bu da açıq-aşkar rəsmi Kiyevin ziyanına işləyən qərardır. Yəni, nə özü lazımi qədər silah verir, nə də Avropa İttifaqının kənardan silah alıb verməsinə imkan yaradır. Bütün bunların fonunda Makronun “Ukraynaya qoşun göndərə bilərik” tezisi məntiqsiz və qeyri-real görünür. Bu, həm də onu göstərir ki, rəsmi Paris Ukrayna mövzusu üzərindən özünün hansısa siyasi maraqlarını yürütməyə, daha dəqiq desək, özünü “Avropanın lideri” səviyyəsinə qaldırmağa cəhd göstərir. Bəli, Emmanuel Makronun iddiaları, eqoizmi, təkəbbürlü davranışı, ədalətə deyil zorakılığa üstünlük verməsi və zəif hesab etdiyi ölkələrə təzyiq, başqalarını da bu yaramazlıqlara şərik etməsi onun imperialist xarakterindən irəli gəlir. Əslində bunların hamısı onun hansı rəzilliklərə qadir olduğunun göstəriciləridir. Bir neçə gün əvvəl Avropa Parlamentində keçirilən iclasda Fransa liderinin “qoca qitə”nin dövlətlərini necə “yoldan çıxarması” aydın olub.

Oradakı çıxışı ilə Makron Avropa İttifaqında  ən təhlükəli şəxs təsiri bağışlayıb.  Ondan dərhal sonra  “cur”larından Avropa Komissiyasının sədri müharibə haqqında danışıb.

Xanım Ursula Fon der Lyayenin Avropa Parlamentində söylədikləri daha təhlükəlidir.  Bu bəyanat  Avropa İttifaqı ideyası və məramı ilə tam ziddiyyət təşkil edir. Hər zaman deyilib ki, Aİ-də olmağın ən yaxşı səbəbi sülh zəmanətinə sahib olmaqdır. Amma indi bütün bunlar bir illüziyaya çevrilib. Onların söylədiklərinə görə sülh artıq lazım deyil.  Bu nə deməkdir? Bu, o deməkdir ki, bəzi Avropa ölkələri Makron kimi bir yarımdəli, siyasi avantüristin təsiri altına düşüblər.

Avropada ağalıq iddiasında olan Fransa ABŞ-ın bu qitədən sıxışdırılıb çıxarılmasının tərəfdarıdır, onun belə bir niyyəti çoxdan var. Fransa hələ İkinci Dünya müharibəsindən sonra dəfələrlə ABŞ-ın hegemonluğundan yaxa qurtarmağa çalışsa da, buna nail ola bilməyib. Paris yaxşı anlayır ki, Amerika NATO vasitəsilə Avropada güc sahibidir və əgər alyans şərqdən gələn təhlükəyə qarşı vaxtında və adekvat tədbir görmürsə, deməli, bu qurum ya öz funksiyasını yerinə yetirmək iqtidarında deyil, ya da qəsdən bunu etmir. Həm də ki, Rusiyanın Ukraynanı məğlub etməsi, sonradan onun Baltik ölkələrinə təcavüzünü asanlaşdırar.

Göründüyü kimi, ABŞ-ın Avropada “ağsaqqallıq” etməsini Makronun başı götürmür. Ancaq narazılığını nə qədər gizli saxlasa da əsl niyyətlərini müəyyən formada büruzə verir. Hazırda Makronun komandası dörd bir yanına “buynuz” atmaqla, başqalarına hədə-qorxu gəlməklə, daxili işlərinə qarışmaqla, öz senatında digər dövlətlər haqqında sərsəm qərarlar qəbul etdirməklə, öz casuslarını dünyanın canına daraşdırmaqla Avropa jandarmı mundirində görünür. Ancaq imperiyalar çox yaşamır, sonda təməlinə qədər dağılıb tarmar olur. Belə bir dəhşətli aqibət müsyö Makronun ağılsız siyasi eqoizminə qurban gedəcək fransızları da gözləyir.

Vəli İlyasov, “İki sahil”