04 mart 2024 23:31
314

Rəqəmsal oyuncaqlarda boşluqlar: Uşaqlarımızı necə qoruyaq?

Rəqəmsal uşaq oyuncaqlarında “Kaspersky” tədqiqatçıları təhlükəsizliklə bağlı zəiflik aşkarlayıb. Belə ki, onlar interaktiv robotdakı kamera vasitəsi ilə təcavüzkarlara valideynlərdən xəbərsiz uşaqla ünsiyyət qurmağa imkan verəcək zəifliklər aşkar ediblər. Sonradan məsələ ilə bağlı şirkət mütəxəssisləri istehsalçıya məlumat verib və hazırda həmin təhlükəsizlik problemləri aradan qaldırılıb.

Valideynlər belə halların baş verdiyini nəzərə alaraq, övladlarına rəqəmsal oyuncaqlar alarkən nələrə diqqət etmələrini bilməlidirlər. Uşaqların şəxsi məlumatlarının əldə edilməsi sonradan nələrə səbəb ola bilər?

İnformasiya Texnologiyaları mütəxəssisi Fərhad Mirəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, sözügedən məsələ informasiya təhlükəsizliyi ilə bağlıdır: “Günümüzdə buna əşyaların interneti deyilən bir tendensiya kontekstindən baxılmalıdır. Müasir dövrdə ev əşyalarını internet texnologiyaları olmadan təsəvvür etmək çətindir. Bu əşyalar arasında idarəolunabilən çaydanlardan tutmuş uşaqlarımızın oyuncağına qədər var. Sözügedən məhsullar özləri ilə üstünlüklərlə yanaşı, risklər də gətirirlər. Məsələn, bu yaxınlarda “Xiaomi” şirkətinin məhsulu olan, yalnız internetlə işləyən qapı kilidinin sistemində xəta baş vermiş və bu qurğudan istifadə edən şəxslərin qapılarının açılıb-bağlanmasında problemlər yaşanmışdı. Günümüzdə belə hadisələr tez-tez baş verir. Bu reallıqdır ki, cihaz proqram təminatı ilə idarə olunursa, sözügedən risklər hər zaman mövcuddur. Buna görə belə əşyaları alarkən bazarda özünü təsdiqləmiş vendorların məhsullarına daha çox müraciət olunması tövsiyə olunur. Çünki belə şirkətlər istehsal etdikləri məhsullara 3-5 il müddətinə zəmanət verirlər. Həmçinin proqram təminatında qüsurlar və boşluqlar aşkarlanarsa, onu dərhal aradan qaldırırlar. Lakin hansısa zirzəmi şəraitində kustar üsulla və sexdə hazırlanmış məhsulların proqram təminatı əlbəttə ki, mükəmməl olmayacaq. Həmçinin satışdan sonrakı dəstək də özünü doğrultmayacaq. Ümumiyyətlə, proqram təminatı və internetə çıxışı olan hər hansı cihazın mütləq şəkildə proqram təminatı vendor tərəfindən dəstəklənməlidir. Əgər dəstəklənmirsə, dələduzlar gec-tez bu boşluqlardan istifadə edərək internet vasitəsilə həmin cihaza müdaxilə edə bilərlər. Belə cihazlara uşaq oyuncaqları kateqoriyası da daxildir. Lakin digər cihazlardan fərqli olaraq uşaq oyuncaqları daha həssas məsələdir və xüsusi diqqət tələb edir. Çünki uşaqlar üçün nəzərdə tutulmuş hansısa əşyalara, cihazlara bu cür müdaxilələr olarsa, sonda biz acı nəticələrlə rastlaşa bilərik. Ona görə də uşaq oyuncağı alarkən üzərində hansı sensorların, cihazların və qurğuların olmasına diqqət etməliyik. Çünki bir audio sistemi olan oyuncaq dələduzlar tərəfindən ələ keçirilərsə, onun səs imkanlarından istifadə edərək uşağa hər hansı psixoloji təzyiqlər göstərə, stresə sala, qıcıqlandıra yaxud tamamilə yanlış istiqamətə yönləndirə bilər. Bu hal praktiki olaraq mümkündür. Həmçinin körpə uşaqları müşahidə və nəzarət etmək üçün otağa yerləşdirilən kameralar da yüksək səviyyədə təhlükəsizlik tələb edir. Çünki bu avadanlıqlar da kənar şəxslər tərəfindən ələ keçirilə bilər. Biz əşyaların internetindən istifadə ediriksə, 100% təhlükəsizlikdə olduğumuzu və hansısa hadisənin baş verməyəcəyini deyə bilmərik. Biz sadəcə mümkün riskləri qəbul etməliyik və insidentlər baş verəndə onun miqyasını öncədən planlaşdırmağı bacarmalıyıq”.

Sayalı Abasova, “İki sahil”