05 mart 2024 16:40
482

Məşhurların filmlərdə geyindiyi kostyumlar SATIŞA ÇIXARILIR

Böyük Britaniyada yerləşən “Kerry Taylor Auctions” auksion evi martın 10-dək davam edəcək hərracda 60-dan çox film və televiziya ulduzunun geyindiyi kostyumların satışından əldə edilən gəlirin xeyriyyə təşkilatlarına veriləcəyini açıqlayıb. 

“İki sahil” CNN TÜRK-ə istinadla xəbər verir ki, Londonda keçiriləcək hərracda Kolin Förtün 1995-ci ildə çəkilmiş "Qürur və qərəz" filmində göl səhnəsində istifadə etdiyi köynəyin qiymətinin 10 min funt-sterlinqə çıxacağı proqnozlaşdırılır. Bir çox məşhur film və serial qəhrəmanının geyindiyi kostyumların satılacağı hərracda Megi Smitin “Downton Abbey” filmində geyindiyi paltarı 800 ilə 1200 funt sterlinqə satılacaq.

“Peaky Blinders” serialında Pol Andersonun canlandırdığı Artur Şelbinin kostyumu və Tom Hardinin oynadığı Alfi Solomonsun geyimi hərracda satılacaq məşhur kostyumlar arasında yer alıb. Satılacaq digər kostyum isə Harri Potter filmləri ilə tanınan Helen Makrorinin “Peaky Blinders” serialında canlandırdığı Polli Qrey obrazının geyindiyi paltardır.

Hərracda satılan digər geyimlər arasında Madonnanın Evitada geyindiyi, təxmini qiyməti 60.000 funt sterlinqə qədər olan Christian Dior-dan libası, Dryu Berrimorun “Ever After” filmindəki kostyumu və Meril Stripin ”The French Lieutenant's Woman” (“Fransız Leytenantın Qadını") filmində geyindiyi paltar və papaq da diqqət çəkən libaslar sırasındadır.

Günel Cəlilova, "İki sahil"