13 mart 2024 16:15
478

Göz təzyiqi hansı halda yaranır?

Normalda göz təzyiqi 12-20 mm civə sütunu arası olmalıdır. Aşağı və yuxarı olanda gözdə müəyyən narahatlıqlar yaranır.

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" hesabında Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Cəmil Həsənov deyib.

Onun sözlərinə görə, bu təzyiq gözdaxili maye hesabına yaranır: “Kiprikli cisim mayeni ifraz edir. Xüsusi fizioloji yollarla göz mayesi damar vasitəsilə çıxır (axır). Bununla da daimi balans saxlanılır. Balans olanda gözün normal təzyiqi 12-20 mm civə sütunu olur”.

C.Həsənov qeyd edib ki, 50-55 yaşdan yuxarı insanlarda mayenin çıxış yolları azalmağa başlayır: “Bu zaman gözün ön kamerasında fizioloji yollarda xüsusi bioloji - şərti olaraq adlandırdığımız - “filtr” var. Yaş artdıqca, bu “filtr” yavaş-yavaş tutulur və mayenin axınına maneələr yaranır. Mayenin axını fizioloji yolla azalandan sonra gözdaxili təzyiq artır. Əgər 50 yaşlı adamlarda 200 nəfərdən 1-də qlaukomaya rast gəlinirsə, 80 yaşında 10 nəfərdən 1-də qarşılaşırıq”.