14 mart 2024 15:20
470

Qlobal Bakı Forumu Azərbaycanın bölgədəki əhəmiyyətini bir daha ortaya qoyur - EKSPERT/ÖZƏL

XI Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib. Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.  Qlobal Forumun mütəmadi olaraq Azərbaycanda keçirilməsi və müxtəlif ölkələrdən keçmiş prezidentlərin, baş nazirlərin, alimlərin qatılması Azərbaycanın bölgədəki əhəmiyyətini, eləcə də oynadığı rolu bir daha ortaya qoyur. 

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu söylədi. 

E.Şahinoğlunun sözlərinə görə, bu Forumda müxtəlif çıxışlar, panellər, müzakirələr keçirilir. Azərbaycanın iştirakçısı olduğu böyük layihələr haqqında danışılır. Bunun dünya və beynəlxalq aləm üçün əhəmiyyəti barədə fikir mübadiləsi aparılır. Əlbəttə ki, bütün bu müzakirələr həm Azərbaycan üçün vacibdir, həm də Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin diqqət mərkəzindədir. 

Siyasi şərhçi vurğuladı ki, bütün bunlarla yanaşı, sonuncu Forum Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra keçirilir. Bu bir daha bizim qazandığımız uğurların beynəlxalq müstəvidə qərar qəbul edən mərkəzlərin diqqətinə çatdırmaq üçün əhəmiyyətlidir.

Qeyd edək ki, martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”