15 mart 2024 02:37
626

Cəmisi 12 hərfdən ibarət əlifba?

Sakit okeandakı Buqenvil adasının sakinlərinin danışdıqları Rotokas dilinin əlifbasında cəmi 12 hərf var. Əlifba latın əlifbası əsasında qurulmuşdur ki, ondan a, e, g, i, k, o, p, r, s, t, u, v hərfləri götürülüb. Rotokas dilində həm də ən az samit var: cəmi yeddi ədəd. Rotokas dilində danışanların ümumi sayı təxminən 4000 nəfərdir.

Filoloqlar bu dili papua dillərinin Şərqi Papua qrupuna aid edirlər.

İsdtifadəçilərinin sayının az olmasına baxmayaraq, Rotokas üç dialektə malikdir: Mərkəzi, Aita və Pipipay. Fonetikasında saitlərin uzunluğu fərqlidir, onların hamısının uzun və qısa formaları var. Bununla belə, heç bir ton və semantik vurğu yoxdur.

Rotokas dilində danışanların yaşadığı Buqenvil adası Avstraliyanın şərqində yerləşir və Papua Yeni Qvineya əyalətinin bir hissəsidir. Solomon adaları qrupuna aiddir və onlardan ən böyüyüdür: Buqenvil 10 min kvadratkilometr əraziyə malikdir. Adanın adı məşhur fransız naviqatoru Lui Antuan de Buqenvilin (1729-1811), dünyada ilk fransız ekspedisiyasının rəhbəridir.

Rotokas dili haqqında çox məlumat yoxdur. Əsərlərin əksəriyyəti avstraliyalı dilçilər İrvin Firchou və Stüart Robinson tərəfindən yazılmışdır. Firchou ilk dəfə Rotokas qrammatikası ilə bağlı ingilis dilində bir araşdırma nəşr etdirdi və Robinson bu dilin dialektlərinin xüsusiyyətlərini öyrəndi. 1969-cu ildə qismən İncil, 1982-ci ildə isə Əhdi-Cədidin tam mətni rotokas dilinə tərcümə edildi.

Nubar Süleymanova, “İki sahil”