18 mart 2024 11:37
456

Pikeyə görə çox şeyi qurban verdim - Şakira

Kolumbiyalı müğənni və futbolçu 2022-ci ilin yayında ayrılıblar.

Şakiranın bu ilin fevralında çıxardığı yeni albomunun yolunu pərəstişkarları düz yeddi il idi ki, gözləyirdilər. Müğənninin səhnə karyerasında uzun fasilənin əsas günahkarı isə onun keçmiş həyat yoldaşı, 37 yaşlı futbolçu Jerar Pikedir. Ən azından, kolumbiyalı ulduzun özü belə hesab edir.

“İki sahil” xəbər verir ki,  “Sunday Times”a verdiyi müsahibəsində müğənni qeyd edib ki, o, Barselonada oynayan Pikeni dəstəkləmək, onun yanında olmaq üçün faktiki olaraq karyerasına fasilə vermişdi.

Jurnalistlərə “Jerardın futbol oynaması, onun yanında olmaq üçün karyeramı uzun müddət dayandırdım. Sevgi üçün çox şey qurban verdim" deyən Şakira etiraf edib ki, Pikedən ayrıldıqdan 1,5 il sonra özünü “seçməyi” öyrənib.

İspaniyadan Mayamiyə köçən Şakira, Deyvid Bekhemin ailəsi ilə dostluq etdiyini bildirib. Onun dediyinə görə, Pike ilə münasibətindən əvvəl də bu ailəni tanıyırmış: “Onda Deyvid Barselonanın rəqibi Real Madrid komandasında oynayırdı”. Kolumbiyalı ulduz hazırda təkcə Bekhemlə deyil, Viktoriya ilə də əlaqə saxladığını vurğulayıb.

Xatırladaq ki, Şakira və Jerard Pike 11 illik münasibətdən sonra 2022-ci ilin iyununda ayrılıblar. Gəzən şayiələrə, elə müğənninin özünün də dolayısıyla təsdiq etdiyinə görə, buna səbəb futbolçunun ona hazırkı sevgilisi Klara Çiayla xəyanət etməsidir. Müsahibələrində Kolumbiyalı ulduz dəfələrlə Pikenin xəyanətinin onu məhv etdiyini, ayrılığın çox ağrılı olduğunu etiraf edib.

“Mənim prioritetim evim, ailəm idi. “Ölüm bizi ayırana qədər” fikrinə inanırdım. Mən bu arzuya inandım. Valideynlərim, 50 ildir ki, bir yerdədirlər və bir-birlərini ilk günkü kimi, bənzərsiz və təkrarolunmaz məhəbbətlə sevirlər. Buna görə də, bunun mümkün olduğunu bilirəm. Özüm və uşaqlarım üçün bunu istədim, amma olmadı”, - Şakira Billboard-a müsahibəsində deyib.”