Azərbaycanın hazırki geopolitik durumu dövlətimizin regional liderliyini beynəlxalq arenada ən yüksək həddə çatdırıb. Son antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsi ilə Cənubi Qafqazda yaranmış yeni siyasi şərait ölkəmizin mövqelərini daha da möhkəmləndirib. Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələr beynəlxalq əlaqələr səviyyəsində inkişaf etdirilir.
Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Iki sahil”ə özəl açıqlamasında bildirib.
T.Rzayev qeyd edib ki, bu gün Prezident İlham Əliyevin yürütdüyü mükəmməl xarici siyasətin nəticəsi olaraq Azərbaycan regionda sabitliyin qarantı olmaqla yanaşı, həm də bu bölgənin iqtisadi yüksəlişinin təminatçısına çevrilib. İşğalçı Ermənistan illərlə regionun iqtisadi layihələrindən kənarda qaldığı halda, Azərbaycan və Gürcüstan Cənubi Qafqazın coğrafi mövqeyini və dünya siyasi xəritəsindəki geopolitik əhəmiyyətini yüksək dəyərləndirərək, bu üstünlüyü ölkələrin inkişafına yönəltmişdir. Prezident İlham Əliyevin siyasi kursu təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün sülh, təhlükəsizlik, inkişaf və rifah gətirmək məramı daşıyır. Regionda reallaşdırılan bütün qlobal miqyaslı beynəlxalq iqtisadi layihələrdən kənarda qalan Ermənistan bu həqiqəti dərk etməlidir.
Komitə sədri əlavə edib ki, Azərbaycan və gürcü xalqları arasında tarixi köklərə dayanan mədəni əlaqələr müstəqillik illərində həm iqtisadi, həm də siyasi baxımdan yüksək səviyyəyə çatmışdır. Prezident İlham Əliyevin bölgədə və eyni zamanda dünya siyasi arenasındakı nüfuzu bu əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb edib. Hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən Gürcüstan bunların fonunda bütün məsələlərdə ölkəmizin iqtisadi və siyasi dəstəyini hiss edib.
Şəmsiyyə Əliqızı, "İki sahil"