20 mart 2024 01:24
781

Bədəndə mis çatışmazlığı nələrə səbəb olur?

Mis bədəndə mühüm rol oynayan vacib, lakin tez-tez qiymətləndirilməyən elementidir. Bədəndə mis tarazlığını necə qorumaq, pozulduqda hansı xəstəliklərin yarana biləcəyi və mis ilə müalicənin nə qədər təsirli olduğu "Rossiya 1" telekanalında yayımlanan "Ən vacibi haqqında" şousunda müzakirə edilib.

Bildirilib ki, kalium, maqnezium, sink və dəmir kimi əsas mikroelementlər sağlamlığın qorunmasında adətən ön plandadır. Lakin orqanizmdə əsas rol oynayan mis çox vaxt kölgədə qalır.

Orqanizmdə misin balansı və onun mənbələri

Mis qaraciyər, mədəaltı vəz, ürək və digər orqanlarda mövcud olan mühüm elementdir. Onu qoz-fındıq (xüsusilə anakardiya və badam), tumlar (günəbaxan tumu kimi), taxıl, lobya, ət (xüsusilə qaraciyər), balıq, süd və süd məhsulları kimi müxtəlif qidalardan əldə etmək olar. Adətən düzgün qida rasionu bizi kifayət qədər miqdarda mis ilə təmin edir və bu elementin çatışmazlığı normal qidalandıqda nadir hallarda baş verir.

Yetkin bir insanın bədənində yüz milliqramdan çox mis var – orta hesabla 120 mq.

Mis çatışmazlığının səbəbləri və nəticələri

Mis çatışmazlığı ilk növbədə qeyri-sabit yeriş, əllərdə həssaslığın və koordinasiyanın pozulması ilə özünü göstərən neyropatiya yarada bilər. Mis çatışmazlığının əsas səbəbi sinkin bolluğudur.

Sink və mis bağırsaqlarda sorulmaq üçün bir-biri ilə rəqabət aparan iki mikroelementdir. Bir elementin səviyyəsi çox yüksəkdirsə, bu, digərinin çatışmazlığına səbəb ola bilər.

Bir mikronutrientin digərinin həddindən artıq olması səbəbindən çatışmazlığı nevroloji pozğunluqlar, immun funksiyası ilə bağlı problemlər və digər xəstəliklər kimi müxtəlif problemlərə səbəb ola bilər. Tərkibində dəmir və ya C vitamini olan dərmanlar da misin udulmasına mane ola, balanssızlıq yarada bilər.

Orqanizmdə mis elementi artıq olarsa nə baş verər?

Bədəndəki misin nəzarətsiz səviyyəsi yaddaşın pozulmasına, narahatlıq əlamətlərinə, depressiyaya, sinir sisteminin degenerasiyasına, qaraciyərin zədələnməsinə, birləşdirici toxuma və sümük əmələ gəlməsi ilə bağlı problemlərə səbəb ola bilər.

Həddindən artıq misin əsas səbəblərindən biri, bədənin artıq misi lazımi şəkildə çıxara bilməməsi və orqanlarda yığılmasına səbəb olan Uilson xəstəliyi kimi bir genetik xəstəlikdir.

Həddindən artıq mis mislə zəngin qidaların həddindən artıq istehlakı, yemək bişirmək üçün mis qabların istifadəsi zamanı yarana bilər.

Nubar Süleymanova, “İki sahil”