26 mart 2024 14:14
346

Azərbaycan-Gürcüstan əlaqələri bundan sonra da inkişaf edəcək

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ölkələrimiz arasında ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək 125-dən çox sənəd imzalanıb.

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.

Martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev də ölkələrimizin tranzit və loqistik imkanlarına diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir. Mühüm logistik layihə olan Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq. Bundan əlavə, Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Ümumilikdə Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb. Avropa qitəsində Azərbaycan qazına tələbat bundan sonra da artacaq. Azərbaycanın enerji layihələri bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək. Mətbuata bəyanatında Prezident İlham Əliyev bu mövzuda fikir bildirərkən qeyd etdi ki, Gürcüstan kimi tranzit imkanları geniş etibarlı dostlarımız var və ölkələrimiz iki etibarlı tərəfdaş kimi çıxış edir. Ölkələrimiz tərəfindən davamlı olaraq yeni layihələr üzərində işlər aparılır. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var. Hər iki ölkə hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ölkələrimizin bütün dövrlərdə bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar verdiyini, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birini dəstəklədiyini, bundan sonra da bu dəstəyin davam edəcəyini bildirdi. Ölkə başçısı bildirdi ki, dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri böyük əhəmiyyət daşıyır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri