26 mart 2024 15:01
539

Xankəndində qalanan bayram tonqalı

Azərbaycan xalqı Novruz bayramını hər zaman xüsusi sevinc, fərəh və coşğu ilə qeyd edir. Çünki baharın gəlişini tərənnüm edən Novruz əsrlər boyudur ki, xalqımızın ən əziz bayramıdır. Soydaşlarımız dünyanın harasında olmaqlarından asılı olmayaraq bu bayramı xüsusi qeyd edirlər. Vətən torpaqlarımızın 30 ilə yaxın müddətdə düşmən işğalı altında olduğu zamanlarda bir arzumuz var idi ki, o gün olsun Novruz tonqallarımız Şuşada, Laçında, Ağdamda, Xankəndində, Kəlbəcərdə, Zəngilanda, bir sözlə Qarabağımızda, Zəngəzurumuzda alovlansın. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti, qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində bu arzumuz reallaşdı. İndi artıq Novruz tonqallarımız işğaldan azad edilmiş bütün torpaqlarımızda Qarabağımızda və Şərqi Zəngəzurumuzda gur alovlanır. Bu tonqalların parlaq işığı 50 milyonluq Azərbaycan xalqını qürurlandırır.

Möhtərəm Cənab İlham Əliyevin bayram günlərində işğaldan azad edilmiş şəhərlərimizə, kəndlərimizə, qəsəbələrimizə səfərləri artıq ənənə halını almışdır. Əziz bayramlarımızı soydaşlarımızla birlikdə qeyd edən dövlət başçımız Novruz Bayramı ənənələrinə xüsusi diqqətlə yanaşır.  Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx birləşən xalqımız isə öz iradəsinin sarsılmazlığını bir daha ortaya qoyur.

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin 18 mart 2024-cü il tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münaqsibətilə təbrikində maraqlı fikirlər yer almışdı. Dövlət başçımız öz təbrik müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı  və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əskər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır.

Azərbaycan dövləti hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmış, bu mövqeyini sadəcə sözlə deyil, atdığı praktiki addımlarla sübuta yetirmişdir. Azərbaycan Respublikasının bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik.

Xankəndi şəhərindəki təbrik müraciətində dövlət başçımız bildirdi ki, bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Artıq Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar və həyat qaynayacaq. Biz fəxr edirik ki, ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini