27 mart 2024 11:27
289

Ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətimiz

44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu ötən ilin 19 sentyabr tarixində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində növbəti qələbəyə imza atdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çıxışında, xalqa müraciətində Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaradır. Cənab İlham Əliyev martın 18-də Xankəndi şəhərində Novruz tonqalını yandırdıqdan sonra Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi. Həmin təbrikdə Azərbaycanın son 20 ildə torpaqlarımızın azad edilməsinə hazırlıq işlərindən, tarixi Zəfərimizdən, həmçinin Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsindən dərs almayaraq atdığı addımlardan və  Azərbaycan Silahlı Qüvvələrinin bir günlük antiterror tədbirlərini həyata keçirməsini şərtləndirən amillərdən geniş bəhs etdi. Bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Halbuki işğal dövründə dəfələrlə bir çox paytaxtlardan bizə siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik. Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.

Ötən il sentyabrın 19-da lokal antiterror tədbirlərinə başlanılması və qısa zamanda uğurla başa çatması ordumuzun peşəkarlığının növbəti təqdimatı oldu. Tarixi Zəfərimizdən sonra ölkəmizin əsas hədəfləri sırasında dayanan mühüm məsələlərdən biri  müdafiə gücümüzün artırılmasıdır. Azərbaycan dövləti hər zaman ordu quruculuğu prosesini diqqətdə saxlayır. Rəşadətli Ordumuzun postmünaqişə dövründə Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha Ordumuzun artan gücünün nümayişidir. Prezident İlham Əliyev xalqa təbrikində bildirdi ki, Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olundu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi. Üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik: “İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.”

Azərbaycan hər zaman istədiyinə nail olur, hədəfləri reallığa çevirir. Buna əsas verən ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətimizdir. Azərbaycan daim beynəlxalq hüququn və ədalətin yanındadır. Cənab İlham Əliyev Novruz təbrikində bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

30 illik işğal dövründə xalqımız hər zaman bu əminliyi ifadə etdi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərində onlar üçün yaradılan şəraitin müvəqqəti olması, tezliklə münaqişənin həll edilərək öz dogma yurd-yuvalarına qayıdacaqları ilə bağlı böyük inamla söylədiyi fikirlər, bu istiqamətdə atılan addımlar xalqın gələcəyə  əminliklə baxmasını şərtləndirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunun təsdiqi oldu. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazdı. Hazırda azad Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Dövlət başçısı İlham Əliyevin sözügedən təbrikində  söylədiyi  “Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq” fikirləri özündə bu günümüz və gələcəyimizlə bağlı hədəfləri açıqlayır. Dövlət başçısı İlham Əliyev Xankəndidən bir daha bu mesajı çatdırdı: “Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.”

Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri