27 mart 2024 11:39
359

Əbədi qürur mənbəyi

Dövlət başçısı İlham Əliyevin martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alovlandırması və bu məkandan Azərbaycan xalqını bayram münasibətilə təbriki bu gün də ölkə mətbuatında geniş müzakirə olunmaqdadır. Cənab İlham Əliyev böyük sevinc və qürur hissi ilə son dörd ilə yaxın dövrün reallıqlarından  bəhs etdi və bildirdi ki, artıq dörd dəfədir Novruz tonqalını Qarabağ torpağında yandırır.

Bundan böyük xoşbəxtlik ola bilərmi? Xalqımız 30 il bu  arzu ilə yaşadı. Dövlət başçısı İlham Əliyevin  xalqımıza bayram təbriklərində bu arzu xüsusi qeyd edilirdi ki, tezliklə  torpaqlarımız işğaldan azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq. Cənab İlham Əliyevin böyük əminliklə söylədiyi bu fikirlər dövlətimizin qətiyyətinə, xalqımızın birliyinə, həmrəyliyinə, Ordumuzun gücünə, münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğuna söykənirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Novruz təbrikində bir daha bildirdi ki, biz iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı  mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratdı. Biz iqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail olduq. Bu gün heç kimdən iqtisadi  və siyasi cəhətdən  asılı deyilik. Güclü iqtisadiyyat  imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.

Ölkə Prezidenti hərbi gücümüzün artırılması istiqamətində atılan addımlardan da geniş bəhs etdi. Vurğuladı ki, Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artdı, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olundu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

44 gündə Azərbaycan mənfur düşmənə layiq olduğu yeri göstərdi. Lakin Ermənistan İkinci Qarabağ müharibəsindən dərs almadı. Dövlət başçısı İlham Əliyevin sözügedən təbrikində qeyd etdiyi kimi, əgər dərs alsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmadı, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa,  ən əsası Azərbaycan xalqının iradəsinə zidd idi.

  Azərbaycan tarixi Zəfəri ilə belə bir reallığı da sübut etdi ki, əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur. Biz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyümüzü, suverenliyimizi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır.

  Ermənilər 30 ilə yaxın işğal dövründə himayədarlarının dəstəyi əsasında ədalət və beynəlxalq hüquq məfhumlarının  mövcudluğundan xəbərsiz idilər. Qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış edən Ermənistan vəziyyətin sona qədər bu şəkildə davam edəcəyini düşündüyü halda ədalət, haqq öz sözünü dedi. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində  ermənilərin və havadarlarının bölgədəki siyasəti iflasa uğradı. Bütün təzyiqlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.

Azərbaycan xalqı bu Zəfərin fonunda yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi.  Şanlı  Qələbəmiz Azərbaycanın gələcəyi üçün möhkəm bünövrə olmaqla yanaşı, regionda dayanıqlı sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması üçün mühüm amildir.

Azərbaycan Ordusunun ötən ilin sentyabr ayında həyata keçirdiyi  bir günlük lokal antiterror tədbirləri nəticəsində növbəti zəfərə nail olduq. Dövlət başçısı İlham Əliyev Novruz təbrikində bu kimi mühüm məqamlara xüsusi diqqət yönəldərək bildirdi ki, fevralın 26-da  Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydu. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür. Buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir: “Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”

Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan yeni dövrə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanına çevrilib. Soydaşlarımız dogma yurd-yuvalarına qayıdır. Bu məkanlarda Novruz tonqallarının alovlandırılması hər birimizin sevincinə sevinc qatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev sözügedən təbrikində bu reallığı da qürurla diqqətə çatdırdı: “Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.”

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi