28 mart 2024 02:16
382

Fransız avrosu, Hindistan silahı...

Bu, Hayastanın problemlərini həll edəcəkmi?

Cənubi Qafqazda ayaqlarına yer etmək məqsədi güdən Fransa və Hindistan hər vasitə ilə Ermənistana yarınırlar. Özü regionda yerləşə bilməyən Fransa Hindistanı da yanına qoşub gətirir. Həm də əlidolu.

"HALCON" şirkəti Hindistandan Ermənistana ilk yükdaşıma əməliyyatını başa çatdırıb. Baş ofisi Rusiya Federasiyasının Perm şəhərində yerləşən "Gelix Airlines" aviaşirkətinə məxsus "İlyuşin İl-76 TD" yük təyyarəsi ilə Hindistandan Ermənistana hərbi texnika unvana daşınıb. Daşınma Fransanın sifarişi ilə yerinə yetirilib.

Ermənistan mətbuatı bu barədə hay-küylü materiallar dərc edib.

Göstərilir ki, Hindistanın Maharaştra ştatındakı Naşik aeroportundan havaya qalxan "İl 76-TD" yük təyyarəsi "RA-76360" reysi ilə uçaraq İrəvandakı "Zvartnos" aeroportunda enib. Təyyarənin yükü 214 mm çaplı "Pinaka Mk-1" reaktiv yaylım atəşi sistemləri idi. Ermənistanla Hindistan arasında ötən il imzalanmış 442,2 milyon dollarlıq 4 anlaşma çərçivəsində həyata keçirilən bu reyslə ermənilərə 4 "Pinaka", zəruri ehtiyat hissələri, mərmilər və s. çatdırılıb. Beləliklə, rəsmi Dehli ermənilərin silahlandırılması üçün "hava dəhlizi" yaratdığını bəyan edəndən sonra açıqlamasını reallaşdırıb. Hindistandan Ermənistana strateji hava yolunun açılması marşrutun İran səmasından keçməsi ilə baş verib. Təbii ki, Azərbaycan Ermənistanın silahlandırılması prosesi üçün hərbi texnika və sursatı daşıyan təyyarələrin səmamızdan keçməsinə imkan vermədiyi üçün Dehli və İrəvan optimal tranzit istiqamət qismində İranı seçiblər. Bu marşrutla Hindistandan Ermənistana "Pinaka"larla yanaşı, 155 mm çaplı "MArG 155" və ATAGS uzaqvuran artilleriya sistemlərinin, "Swathi" mobil radiolokasiya sistemlərinin, "Akash" hava hücumundan müdafiə RLS-lərinin və "Akash-SAM" zenit-raket sistemlərinin, mərmilərin, raketlərin, sursatın, amunisiyanın və s. daşınması nəzərdə tutulub. Qeyd etdiyimiz kimi, prosesin icraçısı Hindistan, müəllifi, sifarişçisi və nəzarətçisi isə Fransadır. Ancaq bu iki ölkənin Ermənistana göstərdiyi canıyananlıq çətin ki, bəhrə versin. Çünki Azərbaycan arsenalında bu silahları bir göz qırpımında məhv edə biləcək müasir və güclü silahlar var.

Vəli İlyasov, "İki sahil"