29 mart 2024 11:13
325

Xalqımıza qarşı törədilən qanlı faciə

“1918-ci ilin mart qırğınından  106 il keçir. 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışlar. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.  Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Zaman hadisələri düzgün dəyərləndirmək üçün zəngin mənbədir. İllər keçdikcə yeni araşdırmaların miqyasının genişləndirilməsi fonunda yeni faktlar aşkarlanır. Ermənilərin vəhşilikləri ölçüyəgəlməzdir. Azərbaycanlılara qarşı soyqırımları XX əsrin sonlarında bir daha təkrarlandı.  Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və sair kimi faciələrimiz erməni vəhşiliklərinin heç bir sərhəd tanımadığını bir daha bütün dünyaya göstərdi. Xocalı faciəsi minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Xocalı qətliamı Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu. Bunlar tariximizin faciəli səhifələridir. Faciələrimizi heç zaman unutmuruq, unutmayacağıq. Onların beynəlxalq ictimaiyyətə çatdırılması qarşıda dayanan əsas vəzifələrdəndir.”

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov  bildirib.

Millət vəkili vurğulayıb ki, xalqımızın başına gətirilən soyqırımı faciələrinə siyasi-hüquqi qiyməti Ümummilli Lider  Heydər Əliyev vermişdir: “Ulu Öndər Heydər Əliyevin  1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu sənəd tariximizin faciəli səhifələrinin daha dərindən öyrənilməsinə,  həqiqətlərin üzə çıxarılması istiqamətində səylərin artırılmasına, araşdırmaların miqyasının genişləndirilməsinə imkanlar yaratdı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk görüşü ziyalılarla oldu. Tarixin saxtalaşdırılmasına yol verilməməsi, yeni araşdırılmaların aparılması qarşıya mühüm vəzifə kimi qoyuldu.”

Nurlan Həsənov qeyd edib ki, tarixi araşdırmaların miqyası genişləndikcə  erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır: “Son 20 ildən artıq  dövrdə Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev həqiqətlərimizin təbliği istiqamətində mühüm addımlar atır. Cənab İlham Əliyev tarixi araşdırmaların genişləndirilməsini, yeni faktların aşkarlanmasını, Azərbaycanın başına gətirilən faciələri özündə ehtiva edən kitabların müxtəlif dillərdə nəşrini qarşıya əsas vəzifə kimi qoyur. Tarixi həqiqətlərimizin ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində cənab İlham Əliyevin atdığı addımlar sırasında  2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini, həmçinin həmin ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanmasını xüsusi qeyd etməliyik. “Azərbaycan Xalq Cümhuriyyəti İli” tariximizin ayrı-ayrı dövrlərinin geniş təhlilinə, zəngin tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına geniş imkanlar yaratdı. Ümummilli Lider Heydər Əliyevin gələcəyimiz kimi dəyərləndirdiyi gənclərin qarşısında qoyduğu əsas vəzifələrdən biri tariximizin öyrənilməsi idi. Bu çağırışın davamı olaraq Prezident İlham Əliyev bildirir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Müzəffər Ali Baş Komandan son üç ilin qürurverici hadisəsi olan tarixi Zəfərimizdən bəhs edərkən gənclərimizin Vətən, torpaq sevgisini xüsusi qeyd edir.”

Millət vəkili tariximizin, həqiqətlərimizin təbliğində Heydər Əliyev Fondunun xidmətlərini də xüsusi qeyd edib: “Heydər Əliyev Fondu yarandığı 2004-cü ildən etibarən Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində dövlət tərəfindən görülmüş tədbirlərə dəstək olaraq bir sıra layihələr həyata keçirib. 2008-ci ildən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası həyata keçirilir. “Xocalıya ədalət!” kampaniyasının sistemli fəaliyyətinin nəticəsidir ki, dünyanın bir sıra ölkələri Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul edib. Tarixi Zəfərimizdən sonra Azərbaycan xalqı bu dəhşətli soyqırımının ildönümünü artıq fərqli şəkildə anır. Ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilməsi nəticəsində Xocalı soyqırımı qurbanlarının, həmçinin Vətən uğrunda həlak olmuş  şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı. XX əsrin dəhşətli faciəsi, erməni vəhşiliyinin  təqdimatı olan Xocalı faciəsinin soyqırımı kimi tanıdılması dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsidir. Qürurvericidir ki, bu gün Xocalı şəhərində Azərbaycan Bayrağı dalğalanır. Xocalı faciəsinin 32-ci ildönümü Xocalı şəhərində keçirildi. Fevralın 26-da  Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyduqdan sonra  rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu mühüm məqamı böyük qürur hissi ilə vurğuladı ki, bu gün  biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur.  Cənab İlham Əliyev onu da qeyd etdi ki, bu diyarın, bu bölgənin artıq yeni, parlaq tarixi var, o da 20 sentyabr - Xocalının, Xankəndinin azad olunması günüdür. 26 fevral dəhşətli, faciəvi bir gün kimi heç vaxt bizim yaddaşımızdan silinməyəcək. Amma 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür.”

Nurlan Həsənov bildirib ki, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi sayəsində qazandığımız tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi  bir daha xalqımızın yenilməzliyini, məğrurluğunu, tarixinə, hər qarış torpağına sahib çıxan xalq olduğunu dünyaya nümayiş etdirdi.