Tariximiz boyunca xalqımız çox məşəqqətlərə, ağrı-acılara şahidlik edib. Torpaqlarımızı işğal etmək istəyən erməni separatçıları zaman-zaman ixtilaflar törədərək, Vətənimizin müxtəlif bölgələrində qanlı qrğınlara, soyqırımlara nail olublar. 1905-ci ildən başlayaraq, Bakı və onun ətraf bölgələri, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxşıvan və digər ərazilərdə erməni daşnaklarının silahlı basqınları nəticəsində minlərlə azərbaycanlı amansızlıqla qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycanlılara qarşı dərin nifrət hissi duyan erməni daşnaklarının məqsədi Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, azərbaycanlıları bir millət olaraq məhv etmək olmuşdur. Doğma vətənimizdə soyqırıma məruz qalmağımız da məhz bu səbəbdən idi. Ermənilərin 1918-ci ildə Qubada törətdikləri ağır qətliamlar da onların xalqımıza qarşı soyqırım planlarının tərkib hissəsi idi. Mənbələrdə qeyd olunur ki, 1918-ci il may ayının 1-də Türklərə qarşı xüsusi amansızlığı ilə ad çıxarmış Hamazaspın komandanlığı altında 3 minlik erməni silahlı birləşmələri Quba şəhərinə hücuma keçir. Quba meydanına daxil olan Hamazasp orada toplaşan əhaliyə müraciət edərək deyir: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni mənafelərinin müdafiəçisiyəm. Sovet hökuməti tərəfindən cəza dəstəsi ilə buraya göndərilmişəm ki, sizdən iki həftə bundan əvvəl burada öldürülmüş ermənilərin qisasını alım... Mən bura qayda-qanun yaratmaq və Sovet hakimiyyəti qurmaq üçün deyil, ermənilərin qisasını almaq üçün göndərilmişəm”.
B.Səfəroğlu adına Quba rayon mədəniyyət mərkəzinin direktoru Ramiz Ramazanlı “Mədəniyyət” portalının 31.03.2021-ci il tarixli buraxılışında yazır: Bu tarixi fakt erməni daşnaklarının xalqımıza qarşı nifrətinin bariz ifadəsi kimi görünə bilər. Bundan sonra Hamazaspın silahlı dəstələri şəhəri dörd hissəyə bölərək hər hissədə ayrıca qərargah yaradırlar. Daşnak dəstələri dinc əhalini amansızlıqla öldürməyə və var-dövlətlərini talan etməyə başlayır. Təkcə birinci gün şəhərin aşağı hissəsində 713 nəfər azərbaycanlı öldürülür ki, onların da əksəriyyəti qadın və uşaqlar idi. Ermənilərin Quba şəhərindəki azğınlığı doqquz gün davam edir. Küçələrdə sərilib qalan meyitlərin dəfninə belə icazə verilmir. Quba şəhər rəisi Ə.Əlibəyov qubalıların nümayəndəsi kimi Hamazaspın yanına gələrək ölülərin dəfn olunmasına icazə istəyir. Hamazasp isə bundan imtina edir. Erməni-daşnak quldur dəstəsi Quba şəhərində 3 minə yaxın sakini qətlə yetirir. Qətliamlar ətraf ərazilərdə, bütünlükdə Quba qəzasında davam etdirilir. Arxiv materialları əsasında məlum olur ki, bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi viran edilmiş, 2750-dən çox ev tamamilə yandırılmış, 16 mindən çox müsəlman kişi, qadın, qoca, uşaq qətlə yetirilmişdi. Ə.Zizinskinin, Möhübəli əfəndinin və neçə-neçə igid döyüşçülərin birləşdiyi yerli müqavimət hərəkatı erməni quldurlarına qarşı hücuma keçsələr də, qüvvələr bərabər deyildi. Müxtəlif növ odlu silahlarla təchiz olunan daşnak dəstələri dinc əhalini vəhşicəsinə qətlə yetirməkdə davam edirdilər.
Qusar istiqamətində hücuma keçən erməni silahlıları qəflətən pusquya düşür. Digah kəndi yaxınlığındakı dərədə onlar yerli müqavimət dəstələri tərəfindən mühasirəyə alınır və çoxlu itki verirlər. Hər iki tərəfdən çoxlu qan axıdılır. El arasında həmin ərazi indiyədək “Qanlı dərə” adlanır. “Qanlı dərə”də məğlubiyyətə uğrayan erməni-daşnak quldur dəstələri tədricən geri çəkilməyə başlayırlar. Mayın sonunda döyüşlər dayansa da, ermənilər bölgədə öz hökmranlıqlarını saxlamağa çalışırlar. Bu vəziyyət 1918-ci ilin sentyabr ayınadək davam edir. Qardaş Türkiyədən Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu 1918-ci ilin yay aylarında Azərbaycan Xalq Cümhuriyyətinin əvvəlcə Gəncədə, daha sonra isə Bakıda möhkəmlənməsinə köməklik göstərir. Erməni vandalizmi, törədilən cinayətlər Cümhuriyyət hökuməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən araşdırılır. Ermənilərin 1918-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrində, o cümlədən Qubada törətdiyi soyqırımları ilə əlaqədar cinayət işi başlanır. Quba soyqırımında qətlə yetirilən dinc əhalinin sayı müəyyənləşdirilir, zərərçəkənlər qeydə alınır, zərərin miqdarı hesablanır, cinayətkarların kimliyi dəqiqləşdirilir. Təəssüf ki, 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra FTK-nın fəaliyyəti dayandırılır, cinayət işlərinə xitam verilir. Amma tarixi faktları heç nə ilə gizlətmək olmur, həqiqət gec-tez üzə çıxır. Soyqırımı hadisəsindən 89 il sonra Qubada aşkarlanan kütləvi məzarlıq kimi. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Tədqiqat zamanı o da məlum oldu ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Araşdırmalar göstərir ki, qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar.
Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb... 30 dekabr 2009-cu ildə dövlət başçısı tərəfindən ərazidə Soyqırımı Memorial Kompleksinin yaradılması ilə əlaqədar sərəncam imzalandı. 18 sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinin açılışı oldu. Kompleksdə yaradılan muzey erməni vandalizmini, Qubada törədilən soyqırımını tarixi faktlarla əks etdirir... Bu gün Azərbaycan öz tarixinin şanlı günlərini yaşayır. 44 günlük Vətən müharibəsində işğal altındakı ərazilərimizin azad edilməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyaya öz gücünü, mətinliyini nümayiş etdirdi. Bu tarixi Zəfərlə ermənilərin 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, digər yerlərdə, eləcə də 1992-ci ildə Qarabağda, Xocalıda törətdiyi soyqırımlarının, qırğınların da qisası alındı. Tarix göstərdi ki, haqq-ədalət gec-tez öz yerini tutur, günahsız insanların qanları yerdə qalmır, şər qüvvə öz layiqli cəzasını alır. Erməni daşnaklarının istər ötən əsrin əvvəllərində, istərsə də XX əsrin sonlarında törətdikləri qanlı hadisələr də cavabsız qalmadı.
Ülviyyə Mikayılova,
Bakı şəhəri, Xətai rayonu 165 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü