Hansı ölkə həmin dövlətlərə tabe olmursa, “antidemokratik” damğası yeyir. Hansı dövlət tamamilə hegemon güc mərkəzlərinin istismarındadırsa, “yarımdemokratik”dir
"Bəzi Qərb dövlətlərinin yetkililəri, “insan hüquqlarının müdafiəçisi” profili daşıyan təşkilatlar elə siyasi (hüquqi deyil) bəyanatlarla çıxış edirlər ki, sanki, təmsil etdikləri ölkələr və ya təşkilatlar siyasi-ideoloji müstəvidə “beynəlxalq xeyriyyə qurumu”dur və bütün strateji maraqlarını bir kənara atıb, milli dövlətləri “demokratikləşdirmək”lə məşğuldur".

Bu fikirləri YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bildirib.
Şöbə müdiri qeyd edib ki, görünür, “demokratikləşdirmə” dedikdə geosiyasi baxımdan tabe və istismar etmək nəzərdə tutulur: "Bu meyara əsaslanan təsnifat - bölgü isə sadədir: hansı ölkə həmin dövlətlərə tabe olmursa, “antidemokratik” damğası yeyir. Hansı dövlət tamamilə hegemon güc mərkəzlərinin istismarındadırsa, “yarımdemokratik”dir. “Demokratik” olan isə özləridir(!). Budur onların subyektiv və selektiv “demokratiya” anlayışı, yaxud "geosiyasi demokratiyası".
Beləliklə, “demokratiya” naminə sammitlər təşkil olunması, pullar ayrılması, qrant yeyib qonorar həzm edilməsi, bu səpkidə siyasi lirika və poetika nümunələri ortaya qoyulması təsadüfi xarakter daşımır. Xarici siyasi korrupsionerlər və onların ayrı-ayrı ölkələrdə əlaltısına çevrilmiş "demokratlar" iş başındadır".