Hazırda Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi oyunlar sanki Üçüncü Dünya müharibəsinin və dünyanın yenidən bölüşdürülməsi ssenarisinin tərkib hissəsidir. Bu prosesdə isə Ermənistandan alət kimi istifadə olunmaqdadır. Bu səbəbdən də Qərb Cənubi Qafqazda gərginliyi artırmağa çalışır və bunun üçün dəridən-qabıqdan çıxır. Elə 5 aprel 2024-cü ildə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqı (Aİ)-Ermənistan-ABŞ müştərək konfransı da Qərbin bu məkrli oyunlarına xidmət edir.
Şübhəsiz, bu, Azərbaycanı narahat etməyə bilməz. Dünən ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edərək aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Dövlət katibi həmin görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini, həmçinin əsla Azərbaycana qarşı olmadığını vurğulayıb.
Bəri başdan qeyd edək ki, Antoni Blinkenin zəngi və vəziyyəti izah etməyə çalışması düşünülmüş siyasəti ilə bölgədə yeni reallıqlar yaradan Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir. Şübhəsiz, bu, hər şeydən əvvəl dünyanın aparıcı siyasətçilərinin də dövlətimizin başçısı ilə hesablaşması deməkdir.
Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Şübhəsiz, bütün bunlar Qərbin, xüsisilə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Fransanın öz maraqları naminə Ermənistanı müharibəyə sürükləməkdən basqa bir şey deyil. Bir sözlə, Qərbin məqsədi 30 il ərzində regionda Rusiyanın platsdarmı olan, indi isə Fransa başda olmaqla Qərbin hərbi platsdarmı funksiyasını yerinə yetirən Ermənistanı ikinci Ukrayna və ya Suriyaya, həmçinin Əfqanıstan və Suriya kimi barıt çəlləyinə, terrorçuların, narkotrafikin cəmləşdiyi məkana çevirməkdir. Bu isə bölgə ilə yanaşı, dünyaya da yaxşı heç nə vəd etmir. Bunu dünyanın tanınmış siyasətçiləri də dəfələrlə vurğulayıblar.
Hayastan Qərbin “xeyir-duası” ilə İranın “qırmızı xətt”ini keçsə də...
Yeri gəlmişkən qeyd edək ki, Qərbin bu kimi addımlarından rəsmi Moskva da narahatdır. Odur ki, Rusiya buna öz etirazını bildirməkdədir. Amma regiona hər hansı xarici dövlətin müdaxiləsini istəməyən, Xocalı soyqırımı kimi dəhşətli qətliam törətmiş və bu siyasətində xristian birliyinin köməyinə arxalanmış təcavüzkar Ermənistanla əməkdaşlığı getdikcə dərinləşdirən, Zəngəzur dəhlizinin açılmasına maneələr yaradan İran nədənsə susmaqdadır. Doğrudur, haylara olan sonsuz məhəbbəti ilə seçilən mollakratiya dəfələrlə bəyan edib ki, regiondankənar qüvvələrin bu regionda olması bizim maraqlarımıza uyğun deyil. Hətta bildiriblər ki, regional problemləri region ölkələri həll etməlidir. Üstəlik, vurğulanıb ki, Cənubi Qafqaza regiondankənar qüvvələrin gəlməsi Tehranın “qırmızı xətti”dir. Amma fakt budur ki, artıq Hayastan Qərbin “xeyir-duası” ilə “qırmızı xətt”i keçib. Halbuki adi məsələlərə görə Azərbaycana hədə-qorxu gələn, ölkəmizə qarşı ağlagəlməz ittihamlar səsləndirən İran rəsmiləri Ermənistanda Qərbin hərbi bazasının yaradılması, hayların daha böyük iddialara düşməsi fonunda İrəvana “gözün üstə qaşın var” demir. Şübhəsiz, bu, fars-molla rejiminin Ermənistana olan “sevgi”sindən irəli gəlir. Amma görünən budur ki, mollakratiyanın bu “sevgi”si onun öz başına bəla olacaq.
Qərb Ermənistanı yarı yolda qoyacaq
Şübhəsiz, hazırda regionda ən zəif durumda olan ölkə Ermənistandır. Halbuki həm Azərbaycan, həm də Türkiyə bu təcavüzkar ölkəyə bildirib ki, onun nicatı yalnız və yalnız bölgədə sülhün bərqərar olmasındadır. Amma Ermənistan müxtəlif bəhanələrlə sülh danışıqlarını uzatmaqda davam edir. Çünki Qərb də bu ölkəni əmin edib ki, guya Hayastan Rusiyadan üz çevirib onların dedikləri ilə oturub-dursa vəziyyətini “yaxşılaşdıra” bilər. Halbuki Qərb ona bel bağlayan Ermənistanı yarı yolda qoyacaq. Belə ki, Tramp Amerikada hakimiyyətə gələcəyi təqdirdə Cənubi Qafqaz umumiyyətlə unudulacaq. Fransa Prezidenti Makrona isə bel bağlamaq sadəlövhlükdür. Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirmək, eləcə də digər cəhdlərinin dəfələrlə fiaskoya uğramasını isə artıq bütün dünya bilir. Yeri gəlmişkən, Fransanın bu kimi geriçəkilmələri, məğlubiyyətləri artıq Yelisey sarayının tezisləri ilə fəaliyyət göstərən “Le Fiqaro” nəşrində də öz əksini tapıb. Bu mənada rəsmi Parisin bu növbəti canfəşanlığının bir nəticə verməyəcəyi şübhəsizdir.
Dövlətimizin başçısı, həmçinin anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Elə şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bunu bir daha sübut edir. Yeri gəlmişkən qeyd edək ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Daha sonra Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarından söz açan dövlətimizin başçısı xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu deyib. Prezident İlham Əliyev, həmçinin aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransanın Avropa və xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiq olduğunu vurğulayıb. Şübhəsiz, bütün bunlar Ermənistanın və onun havadarlarının təxəyyüllərindən başqa bir şey deyil. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, onun belə bir niyyəti yoxdur.
Regionda yeni münaqişə ocağının yaranmasına yol verilməyəcək
Prezident İlham Əliyevin qeyd etdiyi kimi aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq. Bəli, bu həqiqətən də belədir. Bu bir faktdır ki, Azərbaycan regionda öz problemini həll edib, ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu gün isə müəyyən çətinliklərə rəğmən sülh naminə qətiyyətli addımlar atmaqdadır. Bu mənada əminliklə demək olar ki, rəsmi Bakı heç bir halda Ermənistanın yenidən qalxmasına və regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək. Yəni, bundan sonra da ölkəmizə qarşı qurulan bütün məkrli planların qarşısı alınacaq.
Qeyd edək ki, söhbət zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub. Antoni Blinken bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə apardığı müzakirələri qeyd edərək, ölkəsinin müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb. O, həmçinin COP29 çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin təmaslarını qeyd edib.
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşdə müzakirə olunan istiqamətlər üzrə Azərbaycanın da ABŞ ilə ikitərəfli əlaqələrinin inkişafında maraqlı olduğunu, COP29-un iqlim dəyişikliyi məsələləri və yaşıl texnologiyalar sahəsində ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını bildirib.
Qvami Məhəbbətoğlu, “İki sahil”