Region ölkələrindən haqlı narazılıq: Brüssel görüşü regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola bilər
Bu gün Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanmasının da planlaşdırıldığı Aİ-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi nəzərdə tutulur. Bu, regionda üçtərəfli hərbi ittifaqın qurulduğu təəssüratını yaradır. Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Bu bir faktdır ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib.
Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub. Təəssüf ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur. Beləliklə, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.
Birtərəfli və qərəzli
Azərbaycan XİN-in açıqladığı kimi narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyadır. Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır. Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.
Qərb liderləri izah edir
Azərbaycan tərəfinin ədalətli və qətiyyətli mövqeyi, ölkə Prezidentinin qlobal miqyasda nüfuzlu Lider olmasının nəticəsidir ki, görüşün təşkilatçılarından olan ABŞ dövlət katibi Blinken dövlətimizin başçısına zəng edərək vəziyyəti izah etməyə məcbur oldu. Dünən isə Brüssel görüşünün digər təşkilatçısı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezidenti İlham Əliyevə zəng etdi. Blinkenlə telefon danışığında olduğu kimi, bu söhbət zamanı da Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün təfərrüatları müzakirə olunub. ABŞ dövlət katibi kimi, Avropa Komissiyasının Prezidenti də Prezident İlham Əliyevə 5 aprel görüşünə dair mövqelərini izah etməyə çalışıblar.
ABŞ və Aİ rəhbərliyinin zəngləri və Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşlə bağlı vəziyyəti izah etməyə çalışmaları, Azərbaycan Prezidenti ilə məsləhətləşmələri bir daha ölkəmizin və Prezident İlham Əliyevin qlobal müstəvidə artan nüfuzunun və siyası çəkisinin bariz göstəricisidir.
Fransanın mövqeyi Avropanda da tənqid edilir
Onu da qeyd edək ki, Qərbin, xüsusilə Fransanın Cənubi Qafqaza dair tutduğu birtərəfli mövqe Avropanın özündə də tənqid edilir. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid etməsi də bunun göstəricisidir. Xatırladaq ki, Edmondo Çirielli bildirib ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır. Fransalı nazirin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında səsləndirdiyi sözləri şərh edən E.Çirielli qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa qurumların nümayəndələrinin hər hansı uzaqgörən bəyanatı gərginliyi daha da artıra bilər: “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edən Azərbaycan məsuliyyətli mövqe tutur. Fransa Respublikasının xarici işlər naziri ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar, şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Fransanın naziri Sejurne sağlam düşüncəni rəhbər tutaraq regionda davamlı sülhə nail olmaq üçün irəliləyənlərin səylərini sarsıtmaması məqsədəuyğun və faydalı olardı.”
Bir sözlə, Azərbaycanla yanaşı artıq Rusiya və Türkiyənin də etiraz etdiyi Brüssel görüşü beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, sülh səylərinə əks təsir göstərə və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola bilər.
Anar Miriyev, “İki sahil”