05 aprel 2024 17:30
874

Qərbin Brüsseldə oynadığı oyun Ermənistanın vəziyyətini daha da pisləşdirəcək - EKSPERT

Bütövlükdə biz görürük ki, Ermənistandakı sorosçu neokolonialist və neoimperialist şəbəkənin əlində oyuncağa çevrilmiş Paşinyan hakimiyyəti bölgənin daha da gərginləşməyinə səbəb olur. Bugünədək Qərb heç bir formada Cənubi Qafqaz regionu da daxil olmaqla Asiya məkanına doğru Avropadan uzanan geopolitik oxda və dünyanın bir çox bölgələrində siyasi ədalətin tərəfində olmayıb. Son olaraq biz görürük ki, Qaranadada özbaşına baş verən görüşün arxasınca indi də Brüsseldə hansısa Ermənistana iqtisadi yardımla bağlı görüşlərin keçirilməsi Qərbin ikiüzlü siyasətini növbəti dəfə ortaya qoyub.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirib. 

Politoloq qeyd etdi ki, bu gün ABŞ və Fransa başda olmaqla Qərb şəbəkələri Ermənistanın dövlət olaraq inkişafında maraqlı deyillər. Əksi olsaydı, bu gün Qərb Ermənistanı qızışdırmazdı. Ermənistan vasitəsilə Rusiyaya, Azərbaycana, Türkiyəyə qarşı bir cəbhə formalaşdırmazdı. Rəsmi Ankara yaxşı başa düşür ki, Brüssel görüşü Ermənistanın növbəti provokasiyalara təhrikinə səbəb ola bilər. Bu gün Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı pozitiv impulslar gözlənildiyi, Azərbaycanla sülh müqaviləsi üçün Ermənistanın praktiki addımlar atması lazım olduğu halda, əksinə Ermənistan gərginliyə köklənir.

Ekspert bildirdi ki, Ermənistan Fransa vasitəsilə silahlanır və həmçinin, bu ölkədə Rusiya əleyhinə siyasi isterika daha da alovlandırılır. Hər halda bu gün Qərbin Ermənistanla bağlı oynadığı oyun bu ölkəyə nəinki inkişaf vəd edir. Əksinə Ermənistanın vəziyyətinin daha da pisləşməyinə səbəb olacaq.

Cavid Əkbərov, "İki sahil"