05 aprel 2024 18:08
558

Brüsseldə hazırlanan plan böyük fəsadlar törədəcək - AÇIQLAMA/ÖZƏL

Heç şübhəsiz ki, Brüssel görüşü Qərbin ikiüzlü siyasətini açıq-aydın göstərir. Ötən 30 il ərzində bölgəyə sülhün gəlməsi üçün heç bir addım atmayan, bir milyona yaxın məcbüri köçkünün taleyindən narahat olmayan, ərazilərimizin barbarcasına dağıdılmasına heç bir reaksiya verməyən dövlətlər indi isə Azərbaycana qarşı bu cür ikiüzlü siyasəti davam etdirirlər. Biz yaxşı başa düşürük ki, bu görüş bölgəmizə yaxşı heç nə vəd etmir.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov “İki sahil”ə açıqlamasında bildirdi.

Deputat vurğuladı ki, Ermənistanı birmənalı olaraq növbəti provokasiyaya, eyni zamanda, revanşizmə və Azərbaycana qarşı düşmənçiliyə təhrik edilir. Biz bunu əvvəlki dövrdə də görmüşük. Burada söhbət bizim bölgəmizdə yeni NATO mexanizminin yaradılması və regionda kövrək sülhü pozmaq,  Azərbaycanın yaratdığı yeni reallığa mane olmaq, həmçinin geosiyasi vəziyyəti dəyişmək kimi bir məqsəd və hədəf var. Amma bunlar heç bir effekt verməyəcək, Azərbaycan mütləq bütün hədəflərinə və məqsədlərinə nail olacaq. Biz istərdik ki, digər region dövlətləri də bu məsələyə öz reaksiyalarını versinlər. Söhbət həm də İrandan gedir. Avropa Komissiyası nə qədər əsaslandırmağa çalışsa da, bu görüş Azərbaycanın eləcə də bölgənin əleyhinə yönəlib. Müzakirələr, qaldırılan məsələlər açıq-aydın göstərir ki, burada yenə hədəf və məqsəd Azərbaycandır. Bunu başqa cür başa düşmək qeyri-mümkündür. Qərbin qurduğu təxribat planının izləri aşkar şəkildə görünür. Brüsseldə hazırlanan plan böyük fəsadlar törədəcək.

Cavid Əkbərov, "İki sahil"