Blinken və Ursula Fon der Lyayenin Bakıya zəngləri göstərir ki, Azərbaycan regionun əsas güc mərkəzidir

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni əməkdaşlıq mühiti üçün əlverişli zəmin formalaşdı. Lakin bu yeni geosiyasi konfiqurasiyasını qəbul etməyən güc mərkəzləri dərhal hərəkətə keçdilər. Ermənistanın silahlandırılması, regionda gərginliyin artırılması və yeni reallıqlara əsk münasibətlər sistemini müşahidə etməyə başladıq. Fransa başda olmaqla bəzi destruktiv qüvvələr regionda öz varlığını sübut etməyə və Ermənistana hərtərəfli dəstək nümayiş etdirməyə təşəbbüs göstərdilər.
Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İ.Hüseynov qeyd edib ki, Avropa İttifaqı, ABŞ və Ermənistan arasında Brüsseldə keçirilmiş görüş haqqında Ermənistanda böyük illüziyalar var idi. Hərbi paktın imzalanması, eləcə də hərbi-siyasi təhlükəsizlik sahəsində hərtərəfli dəstəyin nümayiş olunması və bu dəstəyin birtərəfli qaydada ödənişsiz icrası İrəvanın əsas niyyəti idi.
Prezident İlham Əliyev regionda hazırki mövcud vəziyyəti qorumaq və eləcə də inkişaf etdirmək istiqamətində çoxsaylı addımlar atmışdır. Sülh, təhlükəsizlik və sabitlik üçün ardıcıl səylər daha da inkişaf etdirilmişdir. Eyni zamanda, dövlət başçımızın qətiyyəti və siyasi iradəsi, həmçinin əlavə etməliyik ki, müdrikliyi regional təhlükəsizlik təhdidlərinin də aradan qaldırılmasına kömək edir. Bütün regiona qarşı olan münasibət meyilləri və bununla bağlı olaraq etiraz mövqeyimiz dərhal nəzərə çatdırılır.
Brüssel görüşündən öncə Antoni Blinkenin və Ursula Fon der Lyayenin Bakıya zəng etməsi, göstərir ki, Azərbaycan regionda əsas siyasi-iqtisadi güc mərkəzidir. Azərbaycanın narahatlıqları qarşı tərəfindən diqqətinə çatdırılmışdır. Əlbəttə görüşün təfərrüatları haqqında qarşıdakı dövrdə daha geniş və ətraflı məlumat əldə edə biləcəyik. Amma indidən demək olar ki, görüş çox sönük keçdi və Ermənistanın gözləntiləri doğrulmadı.
Cavid Əkbərov, "İki sahil"