Rusiya Qərbin Ermənistan ərazilərində oynamaq istədiyi təhlükəli oyunların fərqindədir. Buna görə də ən kəskin formada bu prosesin əleyhinə bəyanatlar verir. Rusiya rəsmi şəxsləri Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistan arasında keçirilən üçtərəfli görüşdən əvvəl də kifayət qədər bu prosesə narahatlığını ifadə etmişdir. Görüşdən az sonra Rusiya Xarici İşlər Nazirliyinin bu görüşə aid xüsusi geniş bəyanat yayması da Rusiyanın bu prosesdən ciddi narahatlıq keçirdiyini göstərir. Çünki Rusiya fərqindədir ki, Ermənistan ərazilərində ikinci Ukrayna cəbhəsi açılır.
Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Tural İsmayılov bildirdi.

Ekspert qeyd etdi ki, Ermənistanda oynanılan təhlükəli ssenari birbaşa bütün region ölkələrini narahat edəcək bir vəziyyətdir. Xüsusən burada Rusiya onun əleyhinə nə qədər təhlükəli bir ssenarinin qurulduğunun fərqindədir. Qərb bu gün istəyir ki, təkcə silah təchizatı baxımından deyil, bir çox sahalərdə Ermənistanın Rusiyadan asılılığı sona çatsın. Daha əvvəl Fransa Ermənistanı silahlandıraraq bu ölkənin müdafiə sənayesi bazarında Rusiyanın rolunu azaltmağa çalışdı. İndi isə Ermənistana müxtəlif iqtisadi yardımlar və vədlər verərək Ermənistanda Rusiyanın iqtisadi mövcudluğunu tamamilə bloklamaq və azaltmaq istəyirlər. O baxımdan hesab edirəm ki, Rusiyanın bu cavab reaksiyası kifayət qədər sərt və dolğun idi.
Politoloq bildirib ki, əslində burada İran da çox kəskin mövqe ortaya qoymalı idi. Amma təəssüflər olsun ki, bugünədək İran tərəfindən Ermənistanda hakimiyyətinin Qərb imperialistləri ilə oynadığı təhlükəli oyunla bağlı hansısa bir kəskin reaksiya verilmir. Nəticədə İran bütün regional siyasətində nə qədər qeyri-səmimi olduğunu göstərmiş olur. Əlbəttə bu, Rusiya-Ermənistan münasibətlərindəki çatları və qırılmaları da bundan sonra get-gedə daha da gərginləşmiş bir hala gətirəcək.
Cavid Əkbərov, "İki sahil"