07 aprel 2024 10:52
2937

Soyqırımı şahidi: Ermənilər qohum-əqrabalarımızın məzarlarını dağıdıblar

Ağdaban soyqırımı necə baş veribsə, tam yadımdadır.

Bunu Kəlbəcərin Ağdaban soyqırımının şahidlərindən biri Ziba Kərimova deyib.

O qeyd edib ki, 32 ildən sonra kəndə ziyarət edərək o günləri yenidən xatırladılar, həm sevinci, həm də kədəri birlikdə hiss etdilər:

“32 ildən sonra bu torpaqlara qayıtmaq, hadisələri gözümün qabağına gətirdi. Şəhid olanları, yandırılanları xatırlayaraq kəndə girdim. Ermənilər bizim qohum-əqrabalarımızın məzarlarını da dağıdıblar. Onlardan bəzilərini tapa bilsək də, digərlərini tapa bilmədik”.

Xatırladaq ki, 1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 32 nəfəri amansızcasına qətlə yetirərək soyqırımı aktı törədiblər.

Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

“Report”