08 aprel 2024 12:54
793

Gizli qapılar arxasında RAZILAŞMA: Brüssel görüşündən dərhal sonra şərti sərhəddə təxribat törədildi

Aprelin 5-də Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Bir müddət idi ki, bu görüşün nəticələri ilə bağlı müzakirələr gedirdi. Erməni cəmiyyətində bu görüşə gözləntilər çox idi. Hətta demək olar ki, bir eyforiya hökm sürürdü. Lakin 5 apreldən sonra Ermənistan cəmiyyəti yenidən reallığa qayıtdı.

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərlinin söylədi.

Forpost olmaq Ermənistanın taleyinə yazılıb

R.İskəndərlinin sözlərinə görə, bu görüş Ermənistanın tam olaraq gözləntilərinə cavab vermədi. “Ermənistan gözlədiyi hərbi yardım, hərbi infrastrukturun gücləndirilməsi barədə dəstək almadı. Ermənistana iqtisadi inkişaf üçün maliyyə dəstəyi barədə qərar verilsə də, yadımın, qrantların həcmi Ermənistanın gözlədiyi kimi olmadı. Ola bilsin ki, təhlükəsizlik və hərbi məsələlərdə dəstək barədə gizli qapılar arxasında danışıqlar oldu, amma hər halda ictimaiyyətə bu barədə açıq məlumat verilmədi”.

Həmsöhbətimiz qeyd etdi ki, əgər görüşün nəticələrini təhlil etsək, regionumuzdakı inkişafın uzunmüddətli perspektivi nöqteyi-nəzərindən ayırıcı xətlərin daha da dərinləşəcəyini təxmin etmək olar. Bu görüş artıq Aİ və ABŞ-ın region ölkələrinin maraqlarına məhəl qoymadan Ermənistanı Cənubi Qafqaz regionunda öz maraqlarının həyata keçirilməsi üçün forposta çevirmək siyasətini güdür. Görünür ki, tarixən forpost olmaq Ermənistanın taleyinə yazılıb.

Müsahibimizin fikrinə görə, bu görüşün Azərbaycanın maraqları baxımından həm müsbət, həm də mənfi nəticələri oldu. O qeyd edir ki, Brüsseldə keçirilən görüşdə hərbi pakt imzalanmayıb. Ermənistan gözlədiyini ala bilmədi. Bundan əlavə, qeyd etməliyik ki, görüşdən iki gün əvvəl bu görüşün iştirakçısı, ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. İlham Əliyev Brüssel görüşü ilə bağlı tənqidi fikirlər səsləndirib və bunun gərginliyə səbəb olacağını xatırladıb. Rusiya və Türkiyə Xarici İşlər Nazirliyi də eyni bəyanatı yayıb.

Hərbi pakt imzalanmasa da...

Brüsseldə keçirilən görüşdə hərbi pakt imzalanmasa da, potensial olaraq erməni təxribatlarını təşviq edən sazişlər imzalanıb və maliyyə yardımı edilib. Blinken Ermənistanın iqtisadi və siyasi sabitliyini dəstəkləməyə davam etdiklərini vurğulayıb.

Ursula fon der Leyen görüşdə bildirib ki, Biz Qarabağdan köçən ermənilərin Ermənistan iqtisadiyyatına inteqrasiyasını dəstəkləyirik. Ötən ilin sentyabrından Qarabağı könüllü tərk edən ermənilərin inteqrasiyası üçün Aİ 30 milyon avro ayırıb və onlar bu istiqamətdə uzunmüddətli dəstək verməyə hazırdırlar.

Nədənsə susurlar

QHT sədri  vurğulayır ki, Qarabağ erməniləri özləri könüllü olaraq Qarabağdan Ermənistana köç edərək məskunlaşıblar və Ermənistanda yaşamaqdadırlar, çünki onlar geri qayıtmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Görünür ki, Vaşinqton və Brüssel ermənilərin Qarabağa qayıtmayacağı reallığını qəbul edib. Lakin digər tərəfdən onlar nədənsə Qarabağa və Ermənistana azərbaycanlı məcburi köçkün və qaçqınların geri qayıdışını dəstəkləyən bəyanat verməyiblər. Bu da onların azərbaycanlılara qarşı diskriminativ yanaşmasının bariz təzahürüdür. 5 Aprel görüşündə hər 3 iştirakçı tərəf ağız dolusu sülh haqqında deklarativ bəyanatlar versə də, əməli olaraq, Azərbaycanın konkret təşəbbüs etdiyi sülh müqaviləsinin tezliklə imzalanması zərurəti barədə dəstək göstərmədilər. Hesab edirəm ki elə bunun nəticəsidir ki, görüş bitər-bitməz Ermınistan ordusu Azərbaycanla sərhəddə təxribat əməlləri törətməyə başladı.

Ramil İskəndərli yekun olaraq bildirdi ki, həm Ermənistan, həm onu dəstəkləyən, həm də regionun təhlükəsizliyində birbaşa marağı ola biləcək, amma nədənsə susqun şəkildə müşahidəçi mövqeyi sərgiləyən ölkələrin, sabah özünümüdafiə məqsədilə zəruri addımları hər an atmağa qadir olan Azərbaycana qarşı hər hansı bir irad bildirməyə heç bir hüquqi və mənəvi haqqı çatmayacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”