Bu təşkilat hətta erməniəsilli hərbi caniləri gizlətməyə çalışırdı
Təəssüf ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi ilk illərdən ermənipərəst mövqe sərgiləməklə özünü daha çox Ermənistanın vəkili kimi aparıb. Əgər belə olmasaydı, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan sərhədçilərinin nəzarət etdiyi Laçın postunda BQXK-nın maşınlarında içərisində qaçaqmalçılıqla keçirilməsinə cəhd göstərilən benzin, siqaret, mobil telefon qutuları aşkarlanmazdı. Bu azmış kimi, BQXK – nın təmsilçiləri 1991-ci ildə Meşəli soyqırımını törətmiş müharibə cinayətkarlarından olan Vaqif Xaçaturyanı da gizlicə Ermənistana keçirməyə cəhd etdilər. Lakin qatil sayıq Azərbaycan sərhədçiləri tərəfindən saxlanıldı. Videogörüntülərdən də məlum oldu ki, Xaçaturyanı «müalicəyə» aparan BQXK-nın əməkdaşları onun hərbi cinayətkar olduğundan xəbərdar idilər. Təlaşını gizlədə bilməyən BQXK-nın nümayəndəsi həmin məqamda Xaçaturyana «məsləhət» verməkdən belə çəkinmirdi.
Bu gün də xalqımız bu təşkilatın respublikamızdakı fəaliyyətindən, ikili mövqeyindən narahatdır. Hətta ötən il Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri BQXK-yə öz narazılıqlarını açıq məktub şəklində ifadə etdilər. Məktubda təşkilatın prezidenti xanım Mirjana Spoljariç Eqqerə bildirildi ki, Azərbaycanda fəaliyyət göstərən bu təşkilatın mandatını və missiyasını çox vacib hesab edirik: « Amma təəssüf hissi ilə bildirməliyik ki, 4 min nəfərə yaxın azərbaycanlı Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşsə də, ötən 30 illik dövr ərzində onların aqibəti, taleyi barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəzərəçarpacaq uğurları olmayıb. Minlərlə ailə hələ də közərən ümidlə xəbər gözləyir».
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri xatırladıblar ki, 1990-cı illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi 54 nəfər azərbaycanlı əsirlə bağlı izə düşmüş, Ermənistan tərəfi ilə dialoq nəticəsində onlardan 17 nəfərinin meyitlərini alaraq Azərbaycan tərəfinə təhvil vermişdi, ancaq həmin siyahı üzrə 37 nəfərin taleyi hələ də bilinmir. Onlar sağdırlar, yoxsa öldürülüblər, öldürülüblərsə, meyitləri niyə ailələrinə təhvil verilməyib? Beynəlxalq Qırmızı Xaç Komitəsi niyə bu məsələ ilə yaxından məşğul olmur?
Digər qəbuledilməz fakt odur ki, BQXK 2000-ci illərdə Azərbaycan hökuməti ilə razılaşdırmadan onun suveren ərazisi olan Xankəndidə ofis təşkil etməklə, bu barədə qondarma separatçı rejimlə «saziş» imzalayıb. Hətta Azərbaycan tərəfinin dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq, həmin «saziş» konfidensiallıq adı altında gizlədilib, təqdim edilməyib. Sonradan məlum olub ki, BQXK-nın Xankəndi ofisi təşkilatın Bakıdakı nümayəndəliyinə deyil, İrəvandakı nümayəndəliyinə tabe etdirilib. 2020-ci ildə 44 günlük müharibədən sonra da BQXK-nin bu tərəfkeşliyindən əl çəkməyiblər və onun ermənipərəst fəaliyyəti hələ də davam edir.
Azərbaycan Prezidenti İlham Əliyev də ötən il Şuşada «Euronews» televiziya kanalına müsahibəsində bildirib ki, BQXK-nın Xankəndi ofisinin məhz Bakıdakı nümayəndəliyə tabe etdirilməsini tamamilə haqlı, legitim tələb hesab edirik.
Bu bir reallıqdır ki, 1990-cı illərdə qaçqınlara yardım, itkin düşmüş şəxslərin axtarılıb tapılması adı altında Azərbaycanda fəaliyyətə başlayan BQXK bu istiqamətdə müəyyən qədər işlər görsə də, öz missiyasını tam yerinə yetirə bilmədi. Hətta Birinci Qarabağ müharibəsi zamanı 4 min nəfərdən artıq azərbaycanlının itkin düşməsinə baxmayaraq, BQXK onların tapılması və geri qaytarılması istiqamətində ciddi iş aparmadı. Belə ki, BQXK bir çox azərbaycanlının Ermənistana aparıldığı, əsir düşərgələrində saxlandığı barədə məlumatlı olsa da, üzərinə düşən vəzifələrin icrasını həyata keçirmədi və müxtəlif bəhanələrlə özünü prosesdən kənarlaşdırmağa çalışdı.
İkinci Qarabağ müharibəsi zamanı BQXK fəal şəkildə ermənilərin problemlərinin həlli prosesinə qoşuldu, təşklatın müraciəti əsasında şərait yaradıldı və 1700 dən artıq erməni hərbçisinin cəsədi Ermənistana verildi. Müharibədən sonra BQXK avtonom şəkildə Xankəndində fəaliyyət göstərməyə başlamaqla beynəlxalq hüquqa, Azərbagcan qanunlarına hörmətsizlik nümayiş etdirdi. Azərbaycanda BQXK- nın faktiki 2 mərkəzi fəaliyyət göstərdi. Onun Xankəndi ofisinin öz büdcəsi var idi və müstəqil kadr seçimi həyata keçirirdi. Sanki daha çox Ermənistana inteqrasiya olunmuş formada fəaliyyət göstərirdi.
Azərbaycan BQXK- ya dəfələrlə müraciət edərək Xankəndi ofisinin statusunun dəyişdirilməsini tələb etsə də, bütün müraciətlər qulaq ardına vuruldu. Bütün bunlarla yanaşı, postmüharibə dövründə ekoloji məsələlərlə bağlı azərbaycanlı ekoaktivistlər Laçın yolunda etiraz aksiyaları təşkil edərkən BQXK- nın Xankəndi ofisi qanunsuz daşımalar həyata keçirdi və faktiki olaraq qaçaqmalçılıq fəaliyyəti göstərdi. Təsadüfi deyil ki, təşkilatın 2 əməkdaşı həmin vaxt «persona non-qrata» elan edilərək ölkəmizdən çıxarıldılar.
Maraqlıdır ki, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı humanitar fəlakət təbili çalan BQXK Donetskə yardımların Moskvadan deyil, Kiyevdən aparılması tələbi ilə çıxış edirdi. Amma 44 günlük müharibədən sonra, Azərbaycanın Ağdam yolunu açmasına və BQXK- nın yardımlarının bu yolla nəql edilməsinə şərait yaratmasına baxmayaraq, təşkilat ciddi- cəhdlə yardımın Laçın yolu ilə nəqlini istəyirdi. Bu da təşkilatın məsələləri siyasiləşdirməsi və müəyyən maraqlara uyğun fəaliyyət göstərməsi barədə deyilənləri təsdiq edirdi.
Vaxtilə BQXK-nın Bakı ofisinə rəhbərlik etmiş, hazırda isə qurumun Avropa və Şərqi Asiya Departamentinin rəhbəri olan Arian Bauer İkinci Qarabağ müharibəsindən sonra bildirmişdi ki, yeni müharibə olacaq və onların Xankəndidə fəaliyyətinin hələ uzun müddət davam etdirməsinə ehtiyac var. Lakin bir müddət öncə BQXK- nın Xankəndi ofisinin fəaliyyətinin dayandırılması qərara alındı. Maraqlıdır ki, bu məlumatı da qurumun Bakı ofisi deyil, İrəvan ofisi yaydı.
Hazırda təşkilatın Xankəndi ofisi Bərdəyə köçərək orada fəaliyyət göstərdiyini bəyan edib. Beləliklə, yenə də onun Azərbaycanda iki ofisi fəaliyyətdədir. Amma müharibə artıq bitib. Ona görə də BQXK-nın Azərbaycan ərazisində fəaliyyətinə ehtiyac qalmayıb. Yəni, artıq onun fəaliyyətini yekunlaşdırıb Azərbaycanı tərk etməsi zərurətə çevrilib.
Elçin Zaman, «İki sahil»