12 aprel 2024 12:04
406

Milli-mədəni inkişafa xidmət edən 121-yaşlı “Şərqi-Rus” qəzeti

Azərbaycan tarixində  XIX əsr elm, mədəniyyət, ədəbiyyat  istiqamətində yeni inkişafın başlanğıcıdır. Həmin dövrdə ölkədə xalqın, millətin maariflənməsi uğrunda mübarizə aparan ziyalılar formalaşaraq, azərbaycanlıları cəhalət girdabından çıxarmaq üçün böyük xidmətlər göstəriblər. Bu dövrdə 1875-ci ildə yaranan ilk milli mətbu orqanımız “Əkinçi” ölkədə xalqı maarifləndirməyə çalışır və azadlıq, demokratiya yolunda mübarizə aparmağa çağırırdı. 1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra uzun müddət edilən müraciətlərə baxmayaraq ölkədə milli mətbuatın yaranmasına icazə verilmədi. Sadəcə ölkə ilə bağlı xəbər məlumatlı hadisələr öz əkisini Bakıda rusdilli qəzet "Bakinski listok" da nəşr olunurdu. Daha sonra 1876-cı ildə nəşrə başlayan ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" idi ki, o da xalqın maariflənməsi üçün xidmət etmirdi. Uzunömürlü, rusdilli qəzet "Kaspi"nin 1897-ci ildən etibarən naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürsə də, qəzetdə Azərbaycan səhifəsi yaratmaq təşəbbüsünə nail ola bilməyir. Hacı Səid Əfəndi Ünsizadə 1879-cu ildə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olub. 104 nömrəsi nəşr olunduqdan sonra qazet 1880-ci ildə çapını dayandırır. 1883-1891-ci illərdə Tiflisdə "Kəşkül" qəzeti və jurnalı nəşr olunur.

XX əsrin ilk anadilli qəzeti –“Şərqi-rus”

12 il sonra Azərbaycanda milli şüurun inkişafında xüsusi yeri olan, ilk anadilli mətbu orqan “Şərqi-Rus” qəzeti yaranır. Uzun müddət təşəbbüs göstərən Məhəmmədağa Şahtaxtlı “Şərqi-Rus” qəzetinin nəşrinə icazə alır. Onun naşirliyi və redaktorluğu ilə qəzetin ilk nömrəsi 1903-cü il 30 mart (yeni təqvimlə 12 aprel) tarixində Tiflisdə çap olunur.

Məhəmmədağa Şahtaxtlı Naxçıvan şəhərində orta təhsilini bitirib, Tiflisdə gimnaziya daxil olur. Burada təhsilini başa vurduqdan sonra Peterburqa gedərək alman dilini öyrənir, Almaniyanın Leypsiq Universitetinin fəlsəfə, tarix və hüquq fakültəsində təhsilini davam etdirir. Sonra Parisdə Şərq Dilləri Məktəbində mühazirələr dinləyir, fransız və ingilis dillərini mükəmməl öyrənir. Eyni zamanda o, türk, ərəb, rus və fars dillərini də yaxşı bilirdi.

Məlumat üçün bildirim ki, Məhəmmədağa Şahtaxtlı Rusiya imperiyası daxilində yaşayan milyonlarla türkün milli-mədəni inkişafında xüsusi xidmətləri olan ziyalılarımızdandır. Böyük maarifçilər Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabinin, İsmayıl bəy Qasprinskinin başlatdığı milli şüurun inkişaf yolunu Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmmədağa Şahtaxtlı və başqa ziyalılarımız davam etdirib. 1919-cu ildə Bakıya gələn Məhəmmədağa Şahtaxtlı Bakı Dövlət Universitetinin yaradılmasında yaxından iştirak edir. Sovet hakimiyyəti illərində azərbaycanlılar içərisində ilk professor adını alanlardan biri də Məhəmmədağa Şahtaxtlı olub.

   Məhəmmədağa Şahtaxtlı Naxçıvanın Şahtaxtlı kəndindəki ata mülkünü sataraq Tiflisə köçür. Burada bir mətbəə alaraq qəzetin ilk nömrəsini nəşr edir. İlk çap olunan qəzetdə bildirilir ki, “Şərqi-Rus” cəmiyyət işlərinə və ədəbiyyata məxsus çərşənbə, cümə və bazar günləri çıxan bir türk qəzetidir. Qazetin başlıca qayəsi türk-müsəlman əhalisini maarifləndirmək olur. Buna görə qəzet nömrələrində dünyəvi elmlərlə bərabər, ana dili və qadın azadlığı ilə bağlı maraqlı yazılar dərc olunur. Həmçinin görkəmli siyasi xadim Məmməd Əmin Rəsulzadənin ilk mətbu əsəri “Şərqi-Rus” da dərc olunur. Qəzetdə Azərbaycan dilinə edilən tərcümələr içərisində Lev Tolstoyun əsərləri də yer alır. 

Qısa zaman ərzində "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilir. “Şərqi-Rus”un Azərbaycan mətbuatında ən layiqli töfələrindən biri Ömər Faiq Nemanzadə və Cəlil Məmmədquluzadə kimi şəxsiyyətləri üzə çıxarmasıdır. Xüsusilə də, Cəlil Məmmədquluzadənin bir jurnalist və yazıçı kimi püxtələşməsində Məhəmmədağa Şahtaxlının böyük dəstəyi olur.

Bildirim ki, Məhəmmədağa Şahtaxtlının qələm dostları Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə və başqaları qazetin nəşri üçün böyük dəstək verirdilər. Ancaq bir müddət sonra qələm sahibləri arasında fikir ayrılığı və qarşıdurma baş verir.  Bu haqqda Professor Vilayət Quliyev “Üç aqilin davası” yazısında maraqlı məlumatlar verib.  

Qəzetə 1904-cü ilədək redaktorluq edən Məhəmmədağa Şahtaxtlı yerini  Cəlil Məmmədquluzadəyə verərək Peterburqa gedir. Qəzetin sonuncu nömrəsi 1905-ci il yanvar ayının 15-də Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çap olunur. Bununla da "Şərqi-rus" qəzetinin Tiflis dövrü başa çatır... "Şərqi-rus" qəzeti ətrafında formalaşmış yaradıcı ədiblər Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanğıcının əsasını qoydular. Cəlil Məmmədquluzadənin redaktorluğu və naşirliyi ilə 1906-cı il aprel ayının 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü.

Qeyd edək ki, bu il “Şərqi-rus” qəzetinin yaranmasından 121 il ötür. Milli şüurun inkişafında, milli mədəniyyətimizin tərəqqisində, Azərbaycan ictimai fikrinin formalaşmasında anadilli mətbuatımız xalqımıza göstərdiyi xidmətlərə görə hər zaman xatırlanaraq, yad ediləcəkdir.

Səriyyə Salahova