13 aprel 2024 13:58
432

Qayğıkeş ana, fədakar həyat yoldaşı, görkəmli alim – Zərifə Əziz qızı Əliyeva

Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

İşıq bizim düşüncəmizdə qaranlığın, zülmətin və heçliyin qənimi, həyatın, diriliyin, əbədiyyət və uğurun rəmzi rolunu oynayır. Göz həkimi! Yəni peşəsinə görə işıq və nur bəxş edən insan. Vətənimizdə ilk belə insanlardan biri akademik Zərifə Əliyeva olub.
1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində görkəmli dövlət və ictimai-siyasi xadimi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva illər keçəcək Vətənə layiqli övlad olacaq, ailəsinin adını daha da ucalara qaldıracaqdı.
1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olan və 1947-ci ildə institutu əla qiymətlərlə bitirən Zərifə xanım həyatını Azərbaycan tibb elminin inkişafına həsr etdi. Zərifə xanım 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başladıqdan bir il sonra 1950-ci ildə aspiranturaya daxil olur və praktik həkim fəaliyyəti ilə yanaşı elmi fəaliyyətini də davam etdirir.
Həmin dövrdə dörd il davam edən Böyük Vətən müharibəsinin yaratdığı problemlərdən biri də 1950-ci illərdə ölkəni bürüyən traxoma epidemiyası olmuşdu. Bu xəstəlik insanlara təkcə əziyyət vermirdi, simalarını eybəcərləşdirirdi, bəzən də ailənin iki-üç üzvünü dünya işığına həsrət qoyurdu. Traxoma bütün üsullarla başqalarına keçən infeksion bəla idi. Tropik iqlimli ölkələrdə yayılan bu xəstəlik bataqlıq zonalarda, Kür və Arazın hər il daşdığı və bataqlıqlar yaratdığı yerlərdə epidemiya kimi yayılırdı. Belə bir vəziyyətdə traxoma infeksion xəstəliyinə qarşı təsirli müalicə üsulları tapılmamışdı.
1950-ci illərdə bu qorxulu infeksiyaya qarşı Zərifə Əliyevanın fəal iştirak etdiyi həkimlər briqadası mübarizə aparırdılar. Onlar infeksiyanın ən kütləvi xarakter aldığı yerlərə gedir, öz sağlamlıqlarını riskə qoyaraq insanları traxoma bəlasından xilas etməyə çalışırdılar. 
Zərifə xanım həmçinin traxomanın geniş yayıldığı yetimxanalara, əlil evlərinə, rayonlara, Kürqırağı kəndlərə fərdi qaydada gedir, vəziyyəti öyrənir, müalicənin effektivliyini və gedişini izləməyə çalışırdı.
Məhz “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanı müdafiə edən və bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa malik dövr üçün yeni olan antibiotikdən – sintomisindən istifadə olunmasına dair müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Elə buna görədir ki, Azərbaycanda traxomanın sosial bir xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.
1960-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edən Z.Ə.Əliyeva həmin ildən 1967-ci ilə qədər Oftalmologiya İnstitutunda çalışaraq öz araşdırmalarını burada davam etdirir. Bu dövrdə artıq o, yeni problem – göz xəstəliklərinin ən çox yayılanı olan qlaukoma ilə məşğul olmağa başlayır. İnsanlarda qırx yaşından sonra başlanan bu xəstəlik erkən korluqla da nəticələnə bilir, çox hallarda isə görmə qabiliyyətini aşağı səviyyəyə salır. Zərifə xanımın elmi araşdırmalarının nəticəsi olaraq bu mövzuda yazdığı məqalələri həkimlərin stolüstü kitabına çevrilmişdi.
1967-ci ildə Zərifə xanım Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutuna, Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət edilir. Ailə qayğılarının qat-qat artmasına baxmayaraq, praktik həkimlik işindən uzaqlaşmır: çoxlu cərrahiyyə əməliyyatları edir, xəstələri ilə məşğul olur, onların müalicə tarixçəsini izləyirdi. Həm kurslara gələn həkimlərə oftalmologiyanın ən yeni nailiyyətləri, müalicə və cərrahiyyə üsulları barədə mühazirələr oxuyur, həm də cavan kadrlarla, tələbələri ilə iş aparırdı. Bu illərdə o daha mühüm bir problemlə - peşə ilə bağlı göz xəstəlikləri ilə məşğul olmağa başlayır. Həyatın tələbi olan bu problem minlərlə insanların görmə qabiliyyətini qorumağa yönəlmişdi. Azərbaycanda sənayenin sürətli inkişafı, istehsal sahələrinin genişlənməsi, xüsusilə kimya sənayesi bu sahələrlə bağlı göz xəstəliklərini ciddi problemə çevirmişdi.
1968-ci ildən sonrakı elmi fəaliyyətini professional göz xəstəliklərinə həsr etməsi də bununla əlaqədar idi. Sumqayıtda insanlar bütün ömürləri boyu kimyəvi maddələr istehsalı sahəsində çalışırdılar. Bu isə müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarırdı. Kimyəvi istehsal insan orqanizmi üçün ən təhlükəli iş mühitidir. Burada bir sıra digər xəstəliklər də yarana bilir. Amma göz xəstəlikləri bunların bəlkə də ən ağırı idi. Zərifə xanım bunu yaxşı dərk edir və zəhmət adamlarına kömək edən dərmanlar və müalicə üsulları yaratmağa çalışırdı. Bu məqsədlə Bakı və Sumqayıtın bəzi zavodlarında eksperimentlər keçirilirdi. Təcrübi yol kimyəvi maddələrin və zəhərlərin insanın görmə orqanına təsirini əsaslandırmaq üçün zəruri idi. Bu işlərlə bağlı tədqiqatçı tez-tez kimya müəssislərində olur, xəstələri ilə görüşür, patoloji halları izləyirdi.
Görkəmli alim çoxillik araşdırmalarını professional göz xəstəliklərinə həsr olunmuş doktorluq dissertasiyasında ümumiləşdirdi. Müdafiəsi isə 1977-ci ildə dünya oftalmologiyasının əsas mərkəzlərindən olan Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda oldu. Onun doktorluq işi məşhur alim və həkimlərin ən yüksək qiymətlərini aldı. Elə həmin ildə Zərifə xanıma tibb elmləri doktoru elmi adı verildi, Bakıdakı işində kafedranın professoru seçildi.
1979-cu ildə SSRİ miqyasında görkəmli oftalmoloq kimi tanınan alimin həyatında yeni əlamətdar hadisə baş verdi. Zərifə xanımın təşəbbüsü ilə Elmlər Akademiyasının Ə.Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycanda ilk dəfə professional göz xəstəliklərini öyrənən laboratoriya açıldı və Zərifə xanım onun rəhbəri oldu. Əslində, bu, dünya şöhrətli alimin elmi məktəbi idi. Bu dövrdə onun şin və yod istehsalında göz patologiyasına həsr olunmuş iki monoqrafiyası çıxdı və yüksək qiymətlər aldı. Alim virus mənşəli göz xəstəlikləri barədə də qiymətli əsərlər yazdı. Həmçinin göz cərrahiyyəsi, həkim etikası, gənc kadrların hazırlığı ilə bağlı problemlər onu ömrü boyu narahat edir, bu mövzularda dəyərli əsərlərin yaradılması ilə nəticələnirdi. 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildi. Bu, onun elmə verdiyi töhfələrin təsdiqi idi.

Ömrü boyu insanlara nur bəxş edən böyük şəxsiyyət - Zərifə xanım Əliyeva 1985-ci ilin 15 aprelində dünyasını dəyişdi. Bu, ağır itki idi...
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü ildə anadan olmasının 100-cü ildönümü qeyd olunan görkəmli oftalmoloq alim Zərifə Əliyevanın həyatı və elmi yaradıcılığını əks etdirən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən birgə hazırlanmış tədbirlər planı çərçivəsində silsilə tədbirlər həyata keçirilmişdir.
Ulu öndər Heydər Əliyev xatirələrində deyirdi ki, mən Zərifə xanım kimi həyat yoldaşımın olması ilə xoşbəxt idim. Bu qibtə doğuracaq bir etiraf idi! Üç böyük tarixi şəxsiyyətin həyatında izi olan Zərifə xanım ən çox ailə və övlad dəyərləri ilə yaşadı. Bir də insanlara dünya işığı verən həkim sənətini davam etdirdi, tədqiqatlar apardı. Haqqında olan sənəd və xatirələrin, məqalə və yazıların hamısında onun sadəliyi, xalq ruhuna və dəyərlərinə bağlılığı barədə heyranlıqla danışılır. Çox sevindirici haldır ki, qayğıkeş ana, fədakar həyat yoldaşı, görkəmli alim olan Zərifə xanım Əliyevanın mənəvi və irsi davamçıları onun işlərini, arzu və ideallarını bu gün uğurla davam etdirirlər.