15 aprel 2024 16:08
564

Boşanma zamanı ən böyük psixoloji travmanı uşaqlar yaşayır - PSİXOLOQDAN AÇIQLAMA/ÖZƏL

Boşanma qərarı vermiş valideynlər bunu uşaqlarına düzgün şəkildə izah etməlidirlər

Son zamanlar demək olar ki, hər gün eşitdiyimiz, sosial şəbəkələrdə, qəzetlərdə, TV-lərdə, saytalarda çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan biri də boşanmalardır. Düzgün olmayan təbliğat, sosial şəbəkələrin təsiri ilə vaxtilə ən qəbuledilməz və xoşagəlməz hal kimi qarşılanan boşanmalar indi adi hala çevrilməkdədir.

6739 nikah və 3456 boşanma

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb. Nikahlarla müqayisədə boşanmaların sayının da artması balansın pozulmasına və hətta demoqrafik stabilliyin göstəricilərinin dəyişməsinə gətirib çıxarır.

Boşanmadan hər iki tərəf maddi və mənəvi zərər çəksə də, bu prosesdən ən çox uşaqlar ziyan görür. Tərəflər arasında anlaşılmazlıq pik həddə çatıbsa, boşanma qaçılmazdr. Ancaq uşaq varsa, bu halda valideynlər çox diqqətli olmalıdırlar. Təəssüf ki, bizim valideynlərimiz ayrılan zaman ər-arvad olaraq boşanmırlar, həm də ana-ata olaraq ayrılırlar. Belə vəziyyətdə isə ən böyük ziyanı övladlar çəkir. Bəs boşanmalar uşaq psixologiyasına necə təsir göstərir? Bu durumda uşaqları yaşadıqları psixoloji sarsıntıdan necə çıxarmaq olar?

“Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu gün boşanmaların səbəblərini bir yox, bir neçə amillə əlaqələndirmək mümkündür. Səbəbindən asılı olmayaraq tərəflər boşanma zamanı fəsadlar yaşayır və yeni bir həyat mərhələsinə qədəm qoyurlar. Övladı olan ailələrdə isə ayrılıq mərhələsində ən böyük travmanı sözsüz ki, uşaqlar  yaşayırlar. İstər boşanmaya qədər, istərsə də ailədə ata və anaları ayrıldıqdan sonra uşaqlar psixoloji problemlər yaşamağa məcbur olurlar.

Həmin uşaqlarda aqressiya, stressə meyillilik, asosiallıq, özünütəcrid etmə, özgüvən yetərsizliyi, natamamlıq kompleksi yaranır

Müsahibimiz diqqətə çatdırdı ki, bu gün cəmiyyətdə ayrılan cütlüklərin heç də hamısı xoş şəkildə ayrılmır və boşanmadan sonra anlaşılmazlıqlar, narazılıqlar davam edir. Ən çox qarşılaşdığımız hallardan biri də, uşağını vaxtı-vaxtında görməmək, alimenti zamanında ödəməmək və s. olur. Təbii ki, belə olan halda ən çox psixoloji gərginlik həmin valideynlərlə yanaşı uşaqların da yaşamasıdır. Bir müddət öncəyə kimi valideynləri yanında olan, onların istədiklərini valideynləri qarşılayan uşaqlar boşanma mərhələsindən sonra tam başqa mühitə düşürlər. Valideynlərinin biri yanında olmayan, yaranan xoşagəlməz səbəbdən əvvəlki kimi həyat tərzini yaşamayan həmin uşaqlar ciddi psixoloji çətinliklərlə qarşılaşırlar. Bir psixoloq kimi qeyd etməliyəm ki, yetərincə olmayan qayğısızlıq, əvvəlki kimi olmayan diqqətsizlik, maddi sıxıntılar həmin uşaqların psixologiyasına birbaşa və ya dolayı formada təsirini göstərməyə başlayır. Apardığımız müşahidələr və bizə bu istiqamətdə edilən müraciətlər göstərir ki, həmin uşaqlarda bir qayda olaraq aqressiya, stressə meyillilik, asosiallıq, özünütəcrid etmə, özgüvən yetərsizliyi, natamamlıq kompleksi, depressiv hallar və digər psixoloji narahatlıqlar üzə çıxır.

Həmsöhbətimiz vurğuladı ki, xüsusilə erkən yaşlarla müqayisədə böyüdükcə həmin uşaqlar daha çox ata və ana qayğısından məhrum olduqları üçün cəmiyyətdə dəyərsiz, kimsəsiz, əzilmiş kimi hiss edirlər. Yaşıdlarının həyat tərzi, onların tam ailə tablosunu gördükdə, ata və ana nəvazişini hiss etdikdə, özlərində bu hissləri yaşaya bilmədikləri üçün məhz uşaq vaxtından psixoloji travma ilə üzləşirlər və bu fəsadlar həyatlarının sonrakı mərhələlərində müxtəlif formalarda üzə çıxır.

Uşaqların yanında ana-atanın biri-birini pisləməsi düzgün deyil

Psixoloqun sözlərinə görə, hər bir uşaq valideynlərin boşanmasından sosial, psixoloji travma alır. Ona görə də, boşanmadan sonrakı mərhələdə ana-atanın münasibəti uşaqlar üçün vacibdir. Arada problem olsa belə, bunu uşaqlara bildirməmək lazımdır. Uşaqlarla bağlı məsələlərdə birgə qərar verilməlidir. Uşaqların yanında ana-atanın biri-birini pisləməsi düzgün deyil. Valideynlər uşaqlarına olan sevgilərini hiss etdirməli və bunu tez-tez dilə gətirməlidirlər. Boşanma qərarı vermiş valideynlər bunu uşaqlarına düzgün şəkildə izah etməlidirlər. Uşağa şəxsiyyət kimi yanaşıb, ona məsələnin nə yerdə olduğunu başa salmaq lazımdır. Uşaq ata və anasının bundan sonra eyni evdə yaşamayacağını anlamalı və zamanla normal hal kimi qəbul etməlidir. Əlbəttə, əvvəlcə uşaq bunu qəbul etməyə bilər. Sadəcə, boşanmadan sonra valideynlərlə birgə görüşlər olmalı, birlikdə vaxt keçirilməlidir ki, uşaq ata-anasının sevgisinin azaldığını düşünməsin.

Yaqut Ağaşahqızı, "İki sahil"